Azərbaycan

 

12 aprel 1889 – Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu; 1889 – 1.11.1965) Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1930-60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.

12 aprel 1907 – Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 – 5.10.1982) anadan olub. Azərbaycan dastan və nağıllarının toplanması və tədqiqində mühüm xidmətləri var. Ssenariləri əsasında “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” filmləri çəkilib.

12 aprel 1912 – Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912 – 3.12.1996) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.

12 aprel 2013 – Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 13.3.1927 – 2013) vəfat edib. Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

13 aprel 1909 – Əməkdar artist, teatr və kino aktyoru Süleyman Məşədi İsmayıl oğlu Tağızadə (1909 – 12.9.1960) Gəncədə doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərə çəkilib. 

13 aprel 1917 – Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1917 – 16.5.1992) anadan olub. Çəkdiyi filmlər: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi” və s.

13 aprel 1922 – Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı, Əməkdar artist Aida Həmdulla qızı Abdullayeva (1922-2010) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.

13 aprel 1929 – Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 – 30.10.1992) Naxçıvan şəhərində anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.

13 aprel 2010 – Prezident İlham Əliyev böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

13 aprel 2012 – Prezident İlham Əliyev Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

14 aprel 1870 – Görkəmli yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 – 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxananı təşkil edib. “Nadanlıq”, “Nadir şah”, “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədri (1920-1922) olub.

14 aprel 1907 – Xalq artisti Fatma Qədir qızı Qədri (1907 – 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.

14 aprel 1970 – Əməkdar artist Qaflan Məmmədrza oğlu Muradov (1890-1970) vəfat edib. Ağdam, Füzuli dram teatrlarının aktyoru olub.

 

Dünya

 

12 aprel 1823 – Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir. Bir sıra pyesləri əsasında filmlər çəkilib.

12 aprel 1928 – Gürcü opera müğənnisi, SSRİ Xalq artisti Zurab Ancaparidze (1928 -12.4.1997) anadan olub.

12 aprel 1933 – İspan opera müğənnisi (soprano) Montserrat Kabalye (Caballe; 1933 – 6.10.2018) anadan olub.

 

13 aprel 1883 – Rus bəstəkarı və dirijoru Aleksandr Aleksandrov (1883-1946) anadan olub. Keçmiş SSRİ-nin himninin musiqisinin, vətənpərvərlik mahnılarının (“Müqəddəs müharibə” və s.) müəllifidir.

13 aprel 1906 – İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett; 1906-1989) anadan olub. Absurd teatrının yaradıcılarındandır. Bəstəkar Fərəc Qarayev yazıçının “Qodonun intizarında” əsərinə musiqi yazıb.

 

14 aprel 1925 – Amerika aktyoru, “Oskar” mükafatçısı Rod Stayger (Rodney Stephen Steiger; 1925-2002) anadan olub.

14 aprel 1930 – Litva kinorejissoru Vitautas Jalakyaviçus (1930-1996) anadan olub. Rejissorun “Bu şirin söz – azadlıq” filmində azərbaycanlı aktyorlar da çəkilib.

Hazırladı: V.Orxan