Olaylar, faktlar (12–14 aprel)

 

220 il əvvəl...

 

12 aprel 1803-cü ildə Tiflisdə Car-Balakən bölgəsinin Rusiya tərkibinə qatılması şərtləri və “Andlı öhdəlik haqqında” saziş imzalanıb. Bundan əvvəl (1801) Şəmsəddil və Borçalı mahalları Rusiyaya ilhaq edilmişdi. Car-Balakənin ələ keçirilməsi ilə Rusiyanın Azərbaycan torpaqlarını istilası genişləndi. Rusiya öncə Car-Balakənə nisbi muxtar idarəçilik (camaatlıq) versə də, sonradan onu ləğv etdi.

 

162 il əvvəl...

 

12 aprel 1861-ci ildə ABŞ-də vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi) başlayıb. Sənaye baxımından inkişaf etmiş şimal ştatları ilə aqrar cənub ştatları arasında başlanan müharibənin iqtisadi səbəbləri ilə yanaşı, mühüm siyasi səbəbi də vardı. Şimal ştatları quldarlığın ləğvinə tərəfdar idilər. Cənub ştatları isə quldarlıq sistemini saxlamağı zəruri sayırdılar. Müharibəyə formal səbəb isə ABŞ-nin o vaxtkı 34 ştatından 11-nin (cənublular) ayrılaraq Quldarlıq Ştatlarının Konfederasiyası elan etməsi oldu. Dörd il sürən müharibə Şimalın Cənub üzərində qələbəsi (1865) ilə başa çatdı.

 

158 il əvvəl...

 

14 aprel 1865-ci ildə ABŞ-də Vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi) gedişində prezident Avraam Linkolna sui-qəsd olub. Linkoln teatrda olarkən “cənublu”ların nümayəndəsi ona atəş açmışdı. Bir gün sonra o aldığı yaralardan vəfat etdi. Prezident qətlə yetirilsə də, Vətəndaş müharibəsi Şimalın xeyrinə başa çatdı.

 

111 il əvvəl...

 

14 aprel 1912-ci ildə dünyanın o zaman üçün ən böyük gəmisi olan “Titanik” çıxdığı ilk reys zamanı Atlantik okeanını şimalında nəhəng aysberqlə toqquşaraq batıb. Britaniyadan ABŞ-yə hərəkət edən gəmidə (rəsmi qeydiyyata görə) 2200 nəfər vardı. Onlardan 1500 nəfəri xilas etmək mümkün olmadı.

 

92 il əvvəl...

 

14 aprel 1931-ci ildə İspaniyadakı parlament seçkilərində respublikaçıların qələbəsindən sonra başlanan kütləvi iğtişaşlar nəticəsində Kral XIII Alfons ölkədən qaçıb, monarxiya devrilib. İspaniyada başlanan vətəndaş müharibəsi 1939-cu ilədək davam etdi.

 

62 il əvvəl...

 

12 aprel 1961-ci ildə insanın kosmosa ilk uçuşu baş verib. SSRİ-nin təyyarəçi-kosmonavtı Yuri Qaqarin “Vostok” kosmik gəmisində təxminən 2 saat ərzində Yerin ətrafına fırlanaraq geri qayıdıb.

 

29 il əvvəl...

 

13 aprel 1994-cü ildə erməni terrorçuları Azərbaycana qarşı daha bir aksiya həyata keçiriblər. Moskva-Bakı sərnişin qatarının Dağıstan ərazisində partladılması nəticəsində 6 nəfər həlak olub.

Hazırladı: V.Orxan