Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1980-ci il 26 dekabr

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev respublikanın elm, ədəbiyyat, incəsənət xadimlərinin və istehsalat qabaqcıllarının Dövlət mükafatları ilə təltif edilməsi mərasimində nitq söyləyib.

“...Bu gün fərəhlə və məmnuniyyətlə qeyd edirik ki, bu tarixi il elm, mədəniyyət və maarif sahəsində də çox böyük nailiyyətlərlə, respublikamızın bütün istiqamətlərdə yeni irəliləyişi ilə əlamətdar olmuşdur... Dövlət mükafatı ən əvvəl laureatların xidmətlərinə verilən qiymətdir. Bu, Azərbaycanın nailiyyətlərində elmi işçilərin xidmətinin, ümumi müvəffəqiyyətlərimizdə ədəbiyyat və incəsənət xadimlərinin xidmətinin yüksək qiymətləndirilməsidir. Dövlət mükafatlarına layiq görülənləri təbrik edərkən eyni zamanda biz respublikanın bütün zəhmət adamlarına, elm, ədəbiyyat və incəsənət xadimlərinə fədakar, nəcib qəhrəmanlıq əməyi üçün dərin təşəkkürümüzü bildiririk”.

1980-ci ilin Ədəbiyyat, incəsənət və arxitektura sahəsində Dövlət mükafatları ilə yazıçı İmran Qasımov və rejissor Muxtar Dadaşov (“Brejnev Bakıda” sənədli filmi); yazıçı Anar, aktyorlar Səməndər Rzayev və Şəfiqə Məmmədova (“Şəhərin yay günləri” tamaşası); ssenarist Rüstəm İbrahimbəyov, rejissor Rasim Ocaqov, rəssam Kamil Nəcəfzadə, aktyorlar Hacı İsmayılov, David Uplisaşvili (“Ad günü” bədii filmi); eləcə də bəstəkar Tofiq Quliyev, heykəltəraş Əhməd Salikov, ədəbiyyatşünas Yaşar Qarayev, şair Məstan Əliyev təltif olunub. Vəfat etmiş şairlər Əhməd Cəmil və Əliağa Kürçaylının mükafatları onların ailə üzvlərinə təqdim edilib.

 

1981-ci il 28 yanvar

 

Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının XXX qurultayında (28-30 yanvar) məruzə ilə çıxış edib. Məruzədə mədəni-maarif işi sahəsində nailiyyətlər və qarşıda duran vəzifələrdən də bəhs edilib.

“Kütlələrə ideya tərbiyəsi cəhətdən hərtərəfli təsir göstərmək üçün mədəni-maarif müəssisələrinin çox böyük imkanları vardır. Hesabat dövründə 406 yeni klub və mədəniyyət evi, 421 kitabxana, 17 mədəniyyət və istirahət parkı açılmışdır. Kitabxanaların kitab fondu təqribən 7 milyon nüsxə artmışdır. Kənd klub müəssisələrində mindən çox istehsalat-texniki, iqtisadi, kənd təsərrüfatı dərnəyi fəaliyyət göstərir, burada 17 min nəfərdən çox adam məşğul olur, müxtəlif bilik sahələri üzrə 1600 lektoriya işləyir. Bədii özfəaliyyət yaradıcılığının inkişaf etdirilməsinə daha çox qayğı göstərilməyə başlanmışdır, bədii özfəaliyyətdə indi 250 mindən çox zəhmətkeş iştirak edir. Azərbaycan KP MK yaxın illərdə respublikanın hər bir rayonunda tarix-diyarşünaslıq muzeyləri yaratmaq vəzifəsini qarşıya qoymuşdur. İki ildən az müddət ərzində 17 belə muzey açılmışdır.

Mədəniyyət Nazirliyi, onun yerli orqanları bütün rayonlarda diyarşünaslıq muzeylərinin fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görməlidir. Biz Azərbaycan xalqının tarix və mədəniyyət abidələrinin mühafizəsinə daha çox diqqət və qayğı göstərməli, bərpa işlərini təkmilləşdirməliyik. Onuncu beşillikdə yazıçılar, bəstəkarlar, rəssamlar, teatr sənəti ustaları, kinematoqrafçılar səmərəli axtarışlar aparmışlar. Azərbaycanın mədəniyyət xadimləri respublikanın gözəl nailiyyətlərinə layiqincə kömək göstərmiş, ən müxtəlif janrlarda bir sıra sanballı əsərlər yaratmış, xalqımızın mənəvi xəzinəsini yeni nailiyyətlərlə zənginləşdirmişlər...”.

***

Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı fəaliyyəti həm respublika, həm də ittifaq (SSRİ) səviyyəsində də qiymətləndirilirdi.

 

1980-ci il 11 iyun

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə teatr sənətinin inkişafında xidmətlərinə görə və anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti, respublikanın Xalq artisti Möhsün Sənani “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib.

 

1980-ci il 31 oktyabr

 

Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin qərarı ilə ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1980-ci ilin SSRİ Dövlət mükafatları verilib. Ümumilikdə 18 mükafat verilib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan “Min bir gecə” baletinə görə – bəstəkar Fikrət Əmirov (SSRİ Xalq artisti), baletmeyster Nelya Nəzirova (Azərbaycanın Əməkdar incəsənət xadimi), dirijor Nazim Rzayev (Xalq artisti), tamaşanın rəssamı Toğrul Nərimanbəyov (Xalq rəssamı) və əsas rolların ifaçıları Tamilla Şirəliyeva (Xalq artisti), Rafael Qriqoryan (Əməkdar artist) SSRİ Dövlət mükafatına layiq görülüblər.

Həmçinin Düşənbə şəhərində görkəmli tacik yazıçısı Sədrəddin Ayninin abidə kompleksinə görə – memar Ömər Eldarov (Azərbaycanın Əməkdar incəsənət xadimi),  arxitektorlar Aleksandr Aqaronov (Azərbaycan) və Rüstəm Kərimov (Tacikistan) SSRİ Dövlət mükafatına layiq görülüblər.

 

1980-ci il 18 dekabr

 

Təsviri sənət ustaları hazırlanması işində qazanılmış müvəffəqiyyətlərə görə və yaradılmasının 60 illiyi ilə əlaqədar olaraq Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

Təsviri sənət ustaları hazırlanması işində xidmətlərinə görə və Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin 60 illiyi ilə əlaqədar olaraq məktəbin müəllimlərinə fəxri adlar verilib: Əməkdar incəsənət xadimi – Əyyub Hüseynov, Hafiz Məmmədov; Əməkdar rəssam – Rafiq Mehdiyev.

Həmçinin Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin bir qrup müəllimi Ali Sovetin Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

Hazırladı: V.Orxan

(davamı var)