Xəbər verdiyimiz kimi, 4-6 aprel tarixlərində Bakıda Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” Sərgisi (“AITF-2023”) keçirildi. 15 ölkənin iştirak etdiyi sərgidə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) də təmsil olunurdu.

ŞKTC-nin turizm, mədəniyyət, gənclər və ətraf mühit nazirinin müavini Serhan Aktunçla bu ölkənin Bakıdakı nümayəndəliyində görüşüb həmsöhbət olduq.

 

– Azərbaycana ilk gəlişinizdir?

– Bəli, ilk gəlişimdir. İnanılmaz bir mədəniyyət gördüm. Tarixi məkanlara və sənətə hədsiz qiymət verildiyini görüb çox təsirləndim. ŞKTC vətəndaşlarının da buraları görməyini arzuladım. Bakıya “AITF-2023” sərgisində iştirakla bağlı gəlmişik. Ölkəmiz sonuncu dəfə 2017-ci ildə bu sərgiyə qatılıb. Sərgidə iştirakdan, Bakıda olmağımızdan məmnunuq. Özümüzü evimizdəki kimi hiss edirik.

 

– ŞKTC-nin turizm imkanları ilə bağlı nə deyərdiniz?

– Turizm ölkəmiz üçün çox önəmli sahələrdən biridir. Bu sahə iqtisadiyyatımızın əsas hissəni təşkil edir, yəni lokomotiv sektorumuz hesab olunur. Ona görə də bu sahəyə önəm veririk və dünyadakı böyük sərgilərə mütləq qatılırıq. İngiltərə, Almaniya, Türkiyədəki sərgilərdə mütəmadi iştirak edirik. Ölkəmizdə Bellapais monastırı, Girnə qalası kimi qədim tarixi məkanlar var. Antik liman layihəmiz may ayında tamamlanacaq ki, bəlkə də dünyada belə bir liman yoxdur. Qapalı Maraş çox mühüm məkanlardan biridir. Dünyada ikiyə bölünmüş tək paytaxt Lefkoşadır. Bu da maraq çəkən bir məqamdır. Gəzməli-görməli yerlərimiz var. May ayında Bellapaisdə musiqi festivalımız keçirilir, klassik əsərlər səsləndirilir. Bütün bunların Azərbaycanda daha geniş təbliğ olunması üçün yaxın gələcəkdə media nümayəndələrini ŞKTC-yə dəvət etməyi düşünürük.

Bakı da bizim üçün önəmlidir. Çünki qardaş ölkə olaraq görürük. Dövlət rəhbərlərimizin də qeyd etdiyi kimi, üç dövlət – tək millət şəklində. Pandemiyadan sonra bizimlə Azərbaycan arasında gediş-gəliş çox zəiflədi. Dili, dini eyni olan qardaş ölkə ilə əlaqələri genişləndirməkdən ötrü buradayıq.

 

– Ötən il bizim turizm nümayəndələri sizin ölkəyə səfər etdilər. Səfəri necə dəyərləndirirsiniz?

–  Bəli, 2022-ci ildə Azərbaycanın turizmlə məşğul olan nümayəndələrini ölkəmizə dəvət etdik. Mühüm layihələrlə bağlı danışıqlarımız oldu. ŞKTC və Azərbaycan turizm agentliklərini bir araya gətirdik. Xalqlarımız arasında çox xoş bir könül bağlılığı var. Əfsus ki, pandemiyadan sonra bu əlaqələri yoluna qoymaqda bəzi çətinliklər yarandı. Bu gəlişimiz yəqin ki, əlaqələrimizin bərpası üçün yeni bir başlanğıc olar. Həm turizm, həm də mədəniyyət sahəsində yeni bir yolla irəliləyərik.

 

– Budəfəki sərgiyə hansı yeniliklərlə gəlmisiniz?

– ŞKTC çox böyük bir turizm imkanlarına malikdir. Haradasa, ilin əksər aylarında dənizə girə biləcək hava şəraitimiz var. Lüks hotellərimizi də sərgidə tanıdırıq. Bundan əlavə, mətbəx turizmi, mədəniyyət və tariximizin də zənginliklərini təbliğ edirik.

 

– Qapalı Maraş da artıq qapalı deyil...

– Qapalı Maraş (ŞKTC-nin Qazimağusa şəhərinin vaxtilə məşhur olmuş turistik bölgəsi, adada 1974-ci ildəki müharibədən sonra əhali yaşamır – red.) tarixi ilə diqqətçəkən məkanlardan biridir. Burada həyat 1974-cü ildə necə dayanıbsa elə də qalıb. Təbiət şəhəri öz ağuşuna alıb və gizləyib. Bura hazırda bizim turizm baxımından önəmli bir məkandır.

 

– Mədəniyyətin hansı sahələrində əməkdaşlıq qurmaq niyyətindəsiniz?

– Məncə, xalqlarımız arasında mədəni əlaqələri artıq ön plana çıxarmağın vaxtıdır. Mən buradakı həmkarlarla görüşəndə onların bizim haqqımızda məlumatlı olduqlarının şahidi oldum. Gerçəkdən, xalq olaraq bir-birimizə çox yaxınıq. Bir-birimizi daha dərindən tanımalıyıq. Məsələn, Azərbaycandan ŞKTC-də 190 tələbə təhsil alır. Bu rəqəmin daha da çoxalması lazımdır. 2019-cu ildə ŞKTC-yə cəmi 6 min nəfər azərbaycanlı səfər edib. Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, bu, çox kiçik bir rəqəmdir. 2022-ci ildə isə bu rəqəm, təəssüf ki, 5 min olub.

 

– Bu istiqamətdə inkişaf üçün siz tərəfdən hansı tədbirlər reallaşdırılır? Ölkənizə daha rahat gediş-gəliş mümkündürmü?

– Bu sərgidə nümayiş etdirdiyimiz kimi, daha çox təşkilati məsələlər həll olunmalıdır. ŞKTC-də yeni bir hava yolu şirkəti quruldu. Həftənin çərşənbə günləri Bakıya uçuşları olacaq. Yəni Türk Hava Yolları ilə bərabər, həftədə bir dəfə də yeni şirkət uçuşlar həyata keçirəcək. Doğrusu, elə məsələlər var ki, dövlət rəhbərlərimiz səviyyəsində həll olunmalıdır. Məsələn, ŞKTC Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edildi. Bu, çox önəmli bir hadisə oldu. Bir-birimizi iqtisadi, mədəni və digər sahələrdə davamlı dəstəkləsək, daha yaxşı nəticələr əldə edə bilərik. İnanıram ki, üç dövlət – bir millət anlamında gələcəkdə birliyimizi nümayiş etdirə biləcəyik. Onu da qeyd edim ki, Qarabağ Zəfəri xalq olaraq bizi hədsiz sevindirdi.

 

– Mədəni mübadiləni daha da çevikləşdirmək üçün birgə layihələr barədə düşünürsünüzmü?

– Biz TÜRKSOY üzərindən müəyyən layihələr həyata keçiririk. Şairlərimiz, sənət adamlarımızı bu təşkilat vasitəsilə bir araya gətiririk. Sənət və musiqi insanları daha yaxın edir. Ortaq dil və dinə malik toplum olduğumuz üçün daha çox əlaqələr qurularsa, nəticəsi də gözəl olar. İncəsənət, turizm, idman əlaqələri yaxınlaşdırır. Azərbaycanla bu mövzuda birgə layihələrdən qürur duyarıq.

Lalə Azəri