Bu ilin yay ayları ərzində Şəki şəhərinə gələn turistlərin sayı ötən illə müqayisədə 10-15 faiz artıb. 
   Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyevin bildirdiyinə görə, bu artım həm daxili, həm də xarici turistlərin sayında müşahidə edilib. Şəkiyə xarici turistlər əsasən Almaniya, ABŞ, Yaponiya, Niderland və Fransadan gəlib.
   Xarici turistlərin bölgəyə artan marağını ölkəmizdə keçirilən «Eurovision» mahnı müsabiqəsi ilə əlaqələndirən mərkəz direktoru qeyd etdi ki, bu mövsümdə yerli sənətkarlar, mehmanxana və hotel əməkdaşları, əlaqədar xidmət təşkilatlarının işçiləri öz aktiv fəaliyyətləri ilə xüsusilə fərqləniblər: «Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən mahnı müsabiqəsinə Şəki sənətkarları da layiqli töhfələrini verdilər. Yuxarıbaş Tarix və Memarlıq Qoruğunun ərazisindəki «Sənətkarlar evi»nin nəzdində fəaliyyət göstərən el sənətkarları - ağac üzərində oyma, bədii tikmə, təkəlduz, ipəkçi, dulusçu, papaqçı, şəbəkə ustası və digər sənət sahibləri əl işlərində «Eurovision-2012» mahnı müsabiqəsinin loqosuna, embleminə xüsusi yer ayırdılar».
   N.İmaməliyev bildirdi ki, hazırda şəhərin tarixi görkəmini saxlamaq üçün qədim tikililərdə yenidənqurma işləri də aparılır.
   Şəkiyə gələn əcnəbilər bu qədim diyarın məşhur tarixi-memarlıq abidələri ilə də tanış olmaq imkanı əldə edirlər. Azərbaycan memarlığının nadir incisi, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi, UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş Şəki xanlarının sarayı, habelə XVIII-XIX əsrlərə aid “Yuxarı Karvansaray” mehmanxana kompleksi, Kiş kəndindəki qədim alban məbədi və digər abidələrlə tanışlıq, şübhəsiz, turistlərin böyük marağına səbəb olur. 

   Fəxriyyə