Kollektivin uğurlu çıxışı diplomla mükafatlandırılıb

 

Sankt-Peterburq şəhərində “Rusiyada görüşlər” adlı XXV Beynəlxalq Teatr Festivalı keçirilir. 7-16 aprel tarixlərini əhatə edən festival bu il görkəmli rus dramaturqu Aleksandr Ostrovskinin (1823-1886) 200 illiyinə həsr olunub.

Teatr bayramında Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və digər ölkələrdən aparıcı kollektivlər iştirak edir.

Ölkəmiz festivalda Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ilə təmsil olunur. Kollektiv festivalda Azərbaycanın Xalq artisti Aleksandr Şarovskinin quruluşunda M.Lermontovun “Maskarad” tamaşasını nümayiş etdirib.

Aprelin 8-də təqdim edilən səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Kollektiv festivalın təşkilat komitəsi tərəfindən diplomla təltif olunub.

Festival çərçivəsində “Rus teatrı xaricdə rus mədəniyyəti institutu kimi” adlı IV beynəlxalq konfrans da keçirilib. Konfransda MDB ölkələrindən rus teatrlarının bədii rəhbərləri və baş rejissorları iştirak ediblər.

Rusdilli teatr incəsənətinin aktual məsələlərinin müzakirəsi üçün peşəkar diskussiya məkanı olan festivalda həm də ən yaxşı tamaşalar təqdim edilir, təcrübə mübadiləsinə şərait yaradılır.

Festival çərçivəsində tamaşaların müzakirəsi, ustad dərsləri, yaradıcılıq görüşləri də keçirilir. Eyni zamanda festivalın yubileyi ilə bağlı “İyirmi beş il birlikdə” adlı MDB dövlətlərindəki rus teatrlarının tamaşalarına dair fotosərgi də açılıb, 25 ildə iştirakçı teatrlarda ən maraqlı quruluşlar barədə məlumat verilir.