Olaylar, faktlar (15–18 aprel)

 

111 il əvvəl...

 

17 aprel 1912-ci ildə Rusiyada “Lena gülləbaranı” baş verib. Lena çayı sahilində qızıl mədənlərində çalışan fəhlələrin 8 saatlıq iş günü və əməkhaqlarının artırılması tələbi ilə keçirdikləri etiraz aksiyasının silah gücü ilə dağıdılması nəticəsində 170 nəfər ölmüş, 200-dən çox insan yaralanmışdı.

 

106 il əvvəl...

 

15 aprel 1917-ci ildə Bakıda Qafqaz müsəlmanlarının qurultayı başlayıb. Qurultay Rusiyada çarizmin süqutundan (Fevral inqilabı) sonra azərbaycanlıların milli istiqlal məramının bəyan olunması yönündə ilk cəhd idi. Qurultayda Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Həmid Sultanov məruzələrlə çıxış ediblər. Qurultay Rusiya Müvəqqəti Hökumətinin tanınması, Rusiyanın demokratik və federativ əsasda yenidən qurulması, Qafqaz müsəlmanlarının muxtariyyətinin təmin olunması barədə qərar qəbul edib.

 

85 il əvvəl...

 

17 aprel 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə bəstəkar Üzeyir Hacıbəyliyə, vokalçılar Şövkət Məmmədovaya və Bülbülə “SSRİ Xalq artisti” fəxri adı verilib. Onlar bu ada layiq görülən ilk azərbaycanlı incəsənət xadimləri idi.

 

77 il əvvəl...

 

17 aprel 1946-cı ildə Suriya müstəqilliyini elan edib. 1516-1918-ci illərdə Osmanlı imperiyasının tərkibində olan Suriya daha sonra Fransa və Britaniyanın mandatı ilə idarə olunurdu. 1958-ci ildə Suriya Misirlə birləşərək Birləşmiş Ərəb Respublikasını yaratdı, 1961-ci ildən yenidən ayrıca dövlət oldu.

 

74 il əvvəl...

 

18 aprel 1949-cu ildə İrlandiya adasının cənubu Britaniya Birliyindən ayrılaraq İrlandiya Respublikası kimi müstəqilliyini elan edib. 1914-cü ildə İrlandiya Britaniya tərkibində muxtariyyət əldə etmiş, 1921-də isə Cənubi İrlandiya Britaniya Birliyi tərkibində dominion (nisbi özünüidarə) statusu almışdı. İrlandiya Respublikasının elan olunması ilə ada iki yerə bölündü və Şimali İrlandiya muxtar özünüidarə statusu ilə Londonun nəzarətində qaldı.

 

70 il əvvəl...

 

18 aprel 1953-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi yaradılıb. Azərbaycan SSR Qanununa əsasən, yeni nazirlik Kinematoqrafiya Nazirliyi, Mədəni-Maarif Müəssisələri Komitəsi, Radio Komitəsi, İncəsənət İşləri İdarəsi, Poliqrafiya Sənayesi, Nəşriyyat və Kitab Ticarəti İşləri İdarəsinin birləşdirilməsi nəticəsində təşkil edilib. Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Məmməd Ələkbərov ilk mədəniyyət naziri təyin edilib. Bundan öncə 15 mart 1953-cü il tarixli SSRİ Qanununa əsasən SSRİ Mədəniyyət Nazirliyi yaradılmışdı.

 

30 il əvvəl

 

17 aprel 1993-cü ildə Türkiyə Prezidenti Turqut Özal vəfat edib. Özal Atatürkdən sonra vəzifədə ikən dünyasını dəyişən Türkiyənin ikinci dövlət başçısı idi. Ölkədə beşgünlük matəm elan edilib.

 

24 il əvvəl...

 

17 aprel 1999-cu ildə Azərbaycan neftini dünya bazarına çıxaran ilk boru xətti – Bakı-Supsa (Gürcüstan, Qara dəniz) kəməri istismara verilib. 827 km uzunluğunda olan və sutkalıq nəql həcmi 105 min barrel (ildə 5 milyon ton) olan kəmər “Əsrin müqaviləsi” çərçivəsində istehsal olunan neftin ilkin mərhələdə daşınması üçün nəzərdə tutulmuşdu.

Hazırladı: V.Orxan