Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə aprelin 11-də Dövlət Turizm Agentliyinin rəhbərliyi və əməkdaşları Ağdam rayonunda ağacəkmə aksiyasında iştirak ediblər.
Aksiya Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə keçirilib.
Ağaclar mina və partlayıcı sursatlardan təmizlənmiş Ağdam Sənaye Parkının yaxınlığındakı ərazidə əkilib. Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Xaçınçay su anbarına 40 min ədəd çəkikimi balıq körpəsi buraxılıb.