Naxçıvan MR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muzey işinin təşkilinə həsr olunan seminar-treninq keçirilib.
Nazirliyin şöbə müdiri Gülbuta Babayeva muzey və muzeytipli müəssisələrdə uçot və mühafizə sahəsində əsas işin muzey fondlarının tərkibinin düzgün müəyyən edilməsindən başladığını diqqətə çatdırıb.
Sonra “Naxçıvanqala” kompleksinin baş fond mühafizi Murad Nəcəfzadənin məruzəsi dinlənilib. Məruzədə ölkəmizdə muzeyşünaslığın təşəkkül tapması, muzeylər şəbəkəsinin yaradılmasından, “Naxçıvanqala” kompleksindəki eksponatların tarixindən bəhs olunub. Bildirilib ki, hər bir muzey öz profilinə uyğun muzey əşyası toplamalıdır.
İştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirə aparılıb. Sonda muzeyin ekspozisiyasına baxış olub.