Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində 11-12 aprel tarixlərində Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirildi.
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iştirakı ilə gerçəkləşən forum öz işini aprelin 12-də “Konsepsiya və strateji hədəflər” mövzusunda birinci panel iclasla davam etdirdi.
İclasda “Milli teatrın inkişaf strategiyası”, “Auditoriya tələbinin formalaşması və tamaşaçı axınının stimullaşdırılması”, “Marketinq və reklam strategiyası”, “Çağdaş teatr prosesində müstəqil teatrların rolu” mövzuları üzrə müzakirələr aparıldı.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirovanın moderatorluğu ilə keçən müzakirədə Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə teatr və təhsil, teatr sənəti dünən və bu gün mövzusunda danışdı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə teatr sahəsində islahatlar, ənənələr, festivallar və müasir çağırışlar barədə fikirlərini bölüşdü.
“M Teatr”ın rəhbəri Xalq artisti Vidadi Həsənov müstəqil teatrların problemləri, Azərbaycan Dövlət Yuğ Teatrının quruluşçu rejissoru Gümrah Ömər rejissor işi və təcrübə mübadiləsi mövzularında çıxış etdilər.
Panel müzakirədə həmçinin “dOM” teatrının rəhbəri Tərlan Rəsulov teatr problemlərinə spesifik yanaşma, “Əsa” teatrının rəhbəri Nihad Qulamzadə isə tamaşaçı-teatr münasibətləri barədə söz açdılar.
Gümrah Ömər çıxışında diqqətə çatdırdı ki, aktyorun inkişafını təmin və təyin edəcək bütün sistem və nəzəriyyələrdən faydalanmaq lazımdır – sözsüz ki, əsas mətləbdən və niyyətdən uzaqlaşmamaq şərtilə. Ona görə də aktyorda istedadla yanaşı, sənət ruhu da vacibdir. O öz yaradıcılığını ruhu ilə vəhdətdə təqdim etməlidir ki, sənətinin təsiri olsun.
Tərlan Rəsulov dedi ki, peşəkarların istəyi ilə yaranan ideyalar çox vaxt həyata keçməyib və bunun da həll yolu tapılmalıdır. Yeni kadrlar yetişdirməklə yanaşı, mövcud kadrlardan necə istifadə etmək barədə də düşünmək lazımdır. Teatr sahəsində yeni iqtisadi yanaşma da formalaşmalıdır. Teatr sahəsi yaradıcı sənayenin bir hissəsi olaraq ölkə iqtisadiyyatının vacib bir hissəsinə çevrilməlidir.
Xalq artisti Bəxtiyar Xanızadənin çıxışı “bu gün aktyor özünü necə təzahür etdirməlidir, teatr kimin olmalıdır” sualları ətrafında oldu. “Bütün zamanlarda teatr aktyorun olmalıdır”, – deyən Xalq artisti həm də aktyorun intellektual, duyğusal və peşəkarlığının vacibliyini önə çəkdi.
Müzakirələrdə teatrda bədii düşüncə məsələsinə də toxunuldu, onun əhəmiyyəti vurğulandı. Ümumiyyətlə, mütəxəssislər teatr sahəsinin bir sıra problemləri ilə bağlı sualları cavablandırdı, müxtəlif təkliflər səsləndirildi.
Lalə Azəri