Müasir səhnəmizin inkişaf perspektivlərinin müzakirə olunduğu forum başa çatdı
Xəbər verdiyimiz kimi, 11-12 aprel tarixlərində Heydər Əliyev Mərkəzində “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirildi.
Forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iştirakı ilə gerçəkləşdi.
Teatr ictimaiyyəti iki gün ən müxtəlif mövzularda olduqca məhsuldar, perspektivə hesablanmış və aydın hədəfləri olan bir teatr görüşünə şahidlik etdi.
Forumda aktyor, rejissor, teatrların rəhbərləri, texniki heyətin təmsilçiləri, habelə teatrşünaslar və s. bir araya gəlib teatrın mahiyyətinə vararaq qarşıda duran əsas vəzifələrə nəzər saldılar.
Aprelin 12-də, forumun ikinci gününün son panel müzakirəsi “Teatr sahəsində insan kapitalının inkişafı” mövzusuna həsr olunmuşdu.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin moderatorluğu ilə keçən müzakirədə maraqlı, fərqli və yeni fikirlər səsləndirildi.
Xüsusən bölgə teatrlarının probleminə çevrilən ixtisaslı kadr məsələsi “Teatr təhsilində tələblə təklifin uzlaşma mexanizmi” mövzusu ətrafında müzakirə olundu. ADMİU-da Teatr sənəti fakültəsinin dekanı Böyükxanım Talıbova bu təhsil müəssisəsində tədrisin plan-proqramı, məzunları, onların gələcək iş taleyi ətrafında təhlillər apardı. Bildirdi ki, universitetin qarşısında duran əsas vəzifə ixtisaslı və yüksək səviyyəli kadr hazırlığıdır. Onların işlə təminatı, yaxud hazırda bölgə teatrlarının kadr sarıdan çətinlik yaşadığı halda gənclərin bölgələrə getmək istəməməyi təhsil verən təşkilatın problemi deyil. Gənclərin ixtisas sahələrində çalışmaları, bölgələrdəki sənət ocaqlarında fəaliyyətləri ilə bağlı təbliğat işi apardıqlarını da vurğulayan B.Talıbova onların qarşısında duran əsas maneənin yaşayış şəraiti və maddi təminatla bağlı olduğunu dedi.
Sonra müzakirələr “Teatr aktual məsələlərin effektiv təbliğat platforması kimi”, “Sistemin qurulması və innovativ ideyaların tətbiqi zərurəti”, “Müasir teatr sənətində festival hərəkatı” və “Region teatrlarında kadr potensialı” mövzuları ətrafında davam etdi.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru Xalq artisti Aleksandr Şarovski tamaşaçının teatra cəlb olunması, teatrın qarşısında duran plan öhdəlikləri və bunu ödəmək uğrunda gedən mücadilədə əsl sənət prinsiplərinə cavab verən səhnə nümunələrindən çox kassaya hesablanmış işlərin ortaya çıxdığını əsas problem kimi önə çəkdi. O, festival hərəkatına, qarşılıqlı səfərlərin təşkilinə və bu yolla əyani təcrübə mübadiləsinə nail olunduğuna da işarə etdi.
Şəki Dövlət Dram Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli bölgə teatrlarında kadr problemlərini diqqət mərkəzinə çəkdi. O, aktyor və rejissordan savayı, adi işıqçıdan qrimçiyədək region teatrlarında korluq yaşandığını dedi. Bildirdi ki, bu vəziyyət bacarıqlı, yaradıcı insanların daha gəlirli sahələrə qaçmaları, teatrı perspektivli iş yeri kimi görməməkləri ilə bağlıdır.
Öz teatrlarında tətbiq etdikləri studiya təcrübəsini də bölüşən rejissor bu məsələdə yeganə əngəlin həmin həvəskar aktyor, rejissor və rəssamların ixtisaslı kadr olmadıqları üçün müvafiq qurum tərəfindən tanınan imtiyazlardan məhrumluğu olduğunu vurğuladı.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Əməkdar artist Nicat Kazımov çıxışında ixtisaslı kadr hazırlığındakı çatışmazlıqlara və bu kadrların teatrlara gələrkən yaşadıqları süni problemlərə nəzər saldı. Bildirdi ki, aidiyyəti təhsil ocağında kadr hazırlığında kəmiyyətdən daha çox keyfiyyətə üstünlük verilməlidir. O, həmçinin ali aktyor təhsilli gənclərin ixtisas istiqamətləri üzrə iş tapmamaqlarının ciddi problem olduğunu dedi: “Akademik Musiqili Teatr üçün əsas kadrlar universitetin musiqili teatr aktyorluğu ixtisasından yox, daha çox Bakı Musiqi Akademiyası və Xoreoqrafiya Akademiyasının məzunları arasından seçilir. Bu isə yeni problemə rəvac verir”.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru İradə Gözəlova isə gənclərin region teatrlarına maraq göstərməməsinin səbəblərindən danışdı. Bir neçə il Gəncə Dövlət Dram Teatrının baş rejissoru kimi çalışdığını deyən İ.Gözəlova bölgə teatrlarının qarşılaşdıqları əsas problemlərə şahid olduğunu, yeni nəsil rejissorların bu kimi çətin şəraitlərə qatlaşmaq istəmədiklərini təəssüflə qeyd etdi. Bildirdi ki, hər bir rejissor üçün bölgə teatrı təcrübə mənbəyi olmaqla yanaşı, truppanın müəyyənləşdirilməsi və həvəskarların peşəkar aktyor vərdişlərinə yiyələnmələri üçün də əhəmiyyət kəsb edir.
Teatrşünas, Azərbaycan Teatr Xadimləri İttifaqında Yaradıcılıq şöbəsinin müdiri Dağlar Yusif əsas diqqəti bölgə teatrlarının repertuar siyasəti və iş şəraitinə yönəltdi. O, ittifaq ilə bölgə teatrları arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərə nəzər yetirdi.
Paneldə paytaxtdan bölgələrə göndərilən rejissor və direktorların ciddi seçimlə təyinatı, onların bölgənin teatr mühitinə uyğunlaşma cəhdləri, yerli teatrların repertuar siyasətinin onların mövcud potensialının nəzərə alınmadan qurulması da müzakirə edildi. Mövcud vəziyyətlə bağlı təkliflər səsləndirildi.
Bununla da, 150 yaşlı Azərbaycan peşəkar teatrının inkişaf perspektivlərinin müzakirə olunduğu ikigünlük forum öz işini başa vurdu.
Sonda xatirə şəkilləri çəkdirildi.
Həmidə Nizamiqızı