Özbəkistanda keçirilən “Şuşa Günləri” çərçivəsində Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda (ÖDSMİ) Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə layihəsi əsasında Qarabağ geyimlərinin nümayişi, Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun konserti təqdim edilib.

Tədbir iştirakçıları öncə ÖDSMİ-də Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Azərbaycan mədəniyyəti və incəsənəti auditoriyası ilə tanış olublar.

Sonra institutun konsert zalında davam edən tədbirdə rektor Eldor Şermanov Türk dünyası, Azərbaycan və Özbəkistan arasında yüksələn xətlə inkişaf edən əlaqələr haqqında danışıb, “Şuşa Günləri”nə həsr olunmuş növbəti tədbirin ÖDSMİ-də keçirilməsinin bu təhsil ocağının tarixində mühüm hadisə kimi səciyyələndirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dövlətləri arasında əməkdaşlıq, mədəni əlaqələrin inkişafı, Fondun fəaliyyəti və layihələri haqqında məlumat verib. O, çoxsaylı tarixi abidələrlə məşhur, dahi şairlərin, mütəfəkkirlərin vətəni Şuşanın Azərbaycan və Türk dünyasının mədəni həyatında rolu və yeri haqqında danışıb.

AMM-in direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə keçirilən “Şuşa Günləri” haqqında məlumat verib. O, “Şərqin konservatoriyası” adlandırılan şəhərin erməni işğalından azad edildikdən sonra əvvəlki şöhrətinin qaytarılması istiqamətində sistemli işlər görüldüyünü diqqətə çatdırıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ermənistanın əzəli torpaqlarımıza təcavüzünün tarixindən söz açıb. Diplomat həmçinin 44 günük Vətən müharibəsi zamanı Özbəkistan dövlətinin və özbək xalqının Azərbaycanın yanında olduğunu qeyd edib.

Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Özbəkistan Ali Məclisinin deputatı, şair İqbal Mirzə, Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Erin də çıxışları dinlənilib.

Tədbirin bədii hissəsində tanınmış azərbaycanlı modelyer Gülnarə Xəlilovanın müəllifi olduğu “Qarabağ” milli geyim kolleksiyasının nümayişi keçirilib. ÖDSMİ-nin tələbələri tərəfindən nümayiş etdirilən Qarabağ geyimləri maraqla qarşılanıb.

Sonra Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun konserti olub. Konsertdə Azərbaycan, türk və macar musiqiləri, habelə Xocalı soyqırımına həsr olunmuş əsərlər səsləndirilib.

Azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun ifasında Qarabağa dair musiqilər tədbirə rəng qatıb.