Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda) 

1981-ci il 8 iyul

 

Heydər Əliyev Bakı şəhərində Kitab Evinin açılış mərasimində iştirak edib.

 

1981-ci il 21 iyul

 

Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan KP MK Hüseyn Cavidin 100 illiyi haqqında qərar qəbul edib.

Qərarda Azərbaycan ədəbiyyatında ilk mənzum fəlsəfi dramların müəllifi, görkəmli şair Hüseyn Cavidin milli ədəbiyyatın və teatr sənətinin inkişafında böyük xidmətləri vurğulanırdı: “Hüseyn Cavid obrazları səhnə mədəniyyəti xadimlərinin bütöv bir nəsli üçün məktəb olmuşdur. Hüseyn Cavidin incə lirizm və dərin psixologizmlə, humanizm və beynəlmiləlçiliklə aşılanmış əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Onun şeirləri və poemaları Bakıda və Moskvada nəşr edilmiş, pyesləri təkcə Bakı teatrlarında deyil, həm də Tbilisi və Daşkənd, Səmərqənd və Aşqabad teatrlarında, ölkənin başqa şəhərlərinin teatrlarında tamaşaya qoyulmuş, qardaş sovet xalqlarının dramaturgiyasının və teatr sənətinin inkişafına səmərəli təsir göstərmişdir”.

Qərarda qeyd edilirdi ki, respublikada Hüseyn Cavidin ədəbi irsini öyrənmək və xatirəsini əbədiləşdirmək üçün müəyyən iş görülüb, haqqında monoqrafiyalar yazılıb, Bakı şəhərində məktəbə və küçəyə, vətəni Naxçıvan şəhərində məktəbə, küçəyə, maarif işçiləri evinə və kinoteatra onun adı verilib.

Qərarda Yazıçılar İttifaqına və Mədəniyyət Nazirliyinə tapşırılıb ki, Hüseyn Cavidin 100 illiyi münasibətilə 1982-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhərində və Moskvada təntənəli gecələr, Naxçıvanda, Sumqayıtda, Şəkidə, Qazaxda, Lənkəranda ədəbi-bədii gecələr keçirsinlər. Azərbaycan Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən sərgilər, habelə yubileyinin keçiriləcəyi günlərdə Moskvada nümayiş etdirilmək üçün sərgi hazırlamalıdır.

Bundan əlavə, qərarda müvafiq qurumlara aşağıdakı tapşırıqlar verilmişdi:

Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidə abidələr qoyulsun;

Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeyləri yaradılsın;

Bakı şəhərinin Kommunist küçəsində Hüseyn Cavidin 1920-ci ildən 1937-ci ilədək yaşadığı 8 nömrəli evin fasadı təzələnsin və ona xatirə lövhəsi vurulsun;

Hüseyn Cavidin 100 illiyinə həsr edilən xatirə medalı hazırlansın;

Hüseyn Cavidin pyesləri respublika teatrlarının repertuarlarına daxil edilsin;

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ikinci səhnəsi kimi “Hüseyn Cavid poeziyası teatrı” yaradılsın.

Hüseyn Cavidin dördcildliyi (birinci və ikinci cildləri yubileyədək buraxmaqla) nəşr olunsun, ikicildlik seçilmiş əsərlərinin, haqqında monoqrafiyanın yüksək bədii səviyyədə rus dilinə tərcümə olunması və nəşri təmin edilsin.

1982-ci ildə Hüseyn Cavid haqqında ikihissəli sənədli film çəkilməli, Hüseyn Cavidin pyeslərindən biri üzrə film-tamaşa hazırlanmalı idi.

 

1981-ci il 5 avqust

 

Azərbaycan KP MK Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar qəbul edib.

Qərarda deyilirdi ki, “Аzərbaycanın böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında” Аzərbaycan KP MK-nın 1979-cu il 6 yanvar tarixli qərarına uyğun olaraq respublikada böyük iş aparılır. Rəssamlar, bəstəkarlar, kinematoqrafçılar şairə həsr edilən yeni əsərlər üzərində işləyirlər. Moskvada və Bakıda onun əsərlərinin yeni nəşrləri hazırlanır. Kirovabadda (Gəncə) Nizami poeziyası teatrı, Nizaminin xatirə muzeyi yaradılıb. Respublikada hər il Nizami poeziya günləri böyük ədəbi bayram kimi qeyd edilir. Bakı və Kirovabad şəhərlərində Nizami Gəncəvinin abidələri qoyulub. Respublikada küçələr və meydanlar, muzeylər və mədəniyyət evləri, məktəblər və kitabxanalar, kinoteatrlar və parklar, elmi tədqiqat institutu, kolxoz və sovxozlar, metro stansiyası, dəniz gəmisi şairin adını daşıyır. Bakının rayonlarından birinə böyük şairin adı verilib.

Qərarda dahi şairin 840 illiyi ilə bağlı Mədəniyyət Nazirliyinə və digər aidiyyəti qurumlara tapşırıqlar verilmişdi: 

“Oktyabr-noyabr aylarında Bakıda, Moskvada və Leninqradda təntənəli yubiley gecələri, habelə Naxçıvanda, Stepanakertdə (Xankəndi – red.), Kirovabadda (Gəncə – red.), Sumqayıtda, Lənkəranda, Bərdədə ədəbi-bədii gecələr keçirilsin;

Kirovabad şəhərində Nizami Poeziya Evi yaradılsın və o, şairin yaradıcılıq irsini təbliğ edən və yayan mərkəzə çevrilsin;

Nizami Gəncəvinin əsərlərinin motivləri üzrə müasir miniatür rəngkarlığı əsərlərinin yaradılması üçün 1981-ci ildə müsabiqə elan edilsin, müsabiqənin yekunları əsasında yüksək poliqrafiya səviyyəsində rəngli albom buraxılsın;

Nizami Gəncəvinin əsərlərinin motivləri üzrə balet tamaşası hazırlansın və s.

***

Mədəniyyət, ədəbiyyat xadimlərinin fəaliyyəti dövlət tərəfindən qiymətləndirilirdi.

 

1981-ci il 16 yanvar

 

Azərbaycan sovet ədəbiyyatının inkişafında хidmətlərinə görə və anadan olmasının 50  illiyi ilə əlaqədar olaraq filologiya elmləri doktoru, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Bəkir Nəbiyev və filologiya elmləri doktoru, Azərbaycan Dövlət Universiteti Mətbuat tarixi kafedrasının professoru Qulu Xəlilov Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif ediliblər.

 

1981-ci il 26 fevral

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə sovet ədəbiyyatının inkişafında böyük хidmətlərinə görə və anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq yazıçı Əli Vəliyev “Oktyabr inqilabi” ordeni ilə təltif edilib.

Hazırladı: V.Orxan

(davamı var)