2007-ci ildən etibarən Türkiyənin müxtəlif şəhərlərində dəfələrlə tamaşalar göstərən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı qardaş ölkəyə növbəti səfərə hazırlaşır. Bu barədə teatrın direktoru Əməkdar mədəniyyət işçisi İftixar Piriyev məlumat verib.
İyunun 12-də başlayacaq səfər Azərbaycan Mədəniyyət Nazirliyi və Türkiyə Anadolu Aydınlar Ocağının birgə dəstəyi ilə reallaşacaq.
Direktorun bildirdiyinə görə, kollektiv 17 gün müddətində Türkiyənin şəhərlərində, o cümlədən zəlzələdən ziyan çəkmiş Hatay şəhərinin sakinləri qarşısında “Mustafa Kamal Atatürk və Heydər Əliyev zirvəsi” devizi altında D.Çizməli və P.Çələbioğlunun “Cümhuriyyətin ilk sədası” tamaşası ilə çıxış edəcək.
“Azərbaycanla Türkiyəni bir-birinə bağlayan ulu qüvvə onları hər daim bir bədəndə iki can kimi yaşadacaq. Biz də belə mühüm tədbirlərlə Azərbaycanla Türkiyənin birliyini, bərabərliyini ən mötəbər salonlardan “Bir bədəndə iki can – Türkiyə-Azərbaycan” nidası ilə daim səsləndirməkdəyik”, – deyə İftixar Piriyev bildirib.