Azərbaycan
19 aprel 1905 – Məşhur memar, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Mikayıl Ələsgər oğlu Hüseynov (1905 – 7.10.1992) Bakıda doğulub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Bakı Musiqi Akademiyası və s. tikililərin layihə müəllifidir.
19 aprel 1907 – Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 – 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), musiqi tariximizə dair kitabların müəllifidir.
19 aprel 1920 – Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920 – 5.12.1996) Zaqatalada anadan olub. “Nəğməli könül”, “Məhəbbət olmayanda”, uşaqlar üçün “Lalənin kitabı”, “Atlas yarpaqlar” və s. kitabların müəllifidir.
19 aprel 1927 – Əməkdar artist Tamara Nuran qızı Məmmədova (1927-2000) Naxçıvanda doğulub. Naxçıvan Musiqili Dram Teatrının aktrisası olub.
19 aprel 1954 – Tanınmış rejissor, aktyor Rövşən Əziz oğlu Almuradlı (1954 – 2.4.2019) Bakıda doğulub. Şəki, Sumqayıt, Mingəçevir, Akademik Milli Dram teatrlarında tamaşalara, “Yük”, “Cavad xan” filmlərinə quruluş verib.
20 aprel 1894 – Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894 – 14.2.1980) Naxçıvanda doğulub. ”Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, “Arşın mal alan” (1945), “Onu bağışlamaq olarmı?” və s. filmlərin rejissorudur. Akademik Dram Teatrının direktoru, Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.
20 aprel 1906 – Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Ağayeva (1906 - 3.12.1953) anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Həsən bəy Ağayevin qızıdır.
20 aprel 1907 – Xalq şairi Məmməd Rahim (1907 – 6.5.1977) anadan olub. “Leninqrad göylərində”, “Abşeron torpağında”, “Natəvan” poemaları, “Xaqani” mənzum dramının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.
20 aprel 1916 – Xalq artisti, görkəmli teatr və kino aktrisası Nəsibə Cahangir qızı Zeynalova (1916 – 10.3.2004) Bakıda anadan olub. 1938-ci ildən Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Böyük dayaq”, “Ulduz”, “Qanun naminə”, “Qayınana”, “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
20 aprel 1920 – Əməkdar incəsənət xadimi Əşrəf Hacı oğlu Quliyev (1920-1994) Bakıda doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor, Akademik Milli Dram Teatrında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində Rejissor sənəti kafedrasının müdiri olub.
20 aprel 1920 – Yazıçı-dramaturq, şairə Xanımana Sabir qızı Əlibəyli (1920 - 7.5.2007) Bakıda doğulub. Uşaqlar üçün 30-dək kitabın, o cümlədən “Gözəllər gözəli”, “Dovşanın ad günü” və s. pyeslərin müəllifidir.
20 aprel 1926 – Tarzən Əlikram Həsən oğlu Hüseynov (1926–2006) anadan olub. Opera və Balet Teatrının orkestrində çalışıb, bir çox rəqslərimiz onun instrumental ifasında lentə alınıb.
20 aprel 1944 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ifaçısı, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861-1944) vəfat edib.
21 aprel 1931 – Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova (1931 – 12.9.2014) Bakıda doğulub. Azərbaycan Radio Komitəsinin, 1954-cü ildən “Moskonsert”in solisti olub. Rusiyanın Əməkdar artisti adına layiq görülüb.
21 aprel 1951 – Əməkdar artist, opera müğənnisi Cəlil bəy Əmrah oğlu Bağdadbəyov (1887-1951) vəfat edib.
22 aprel 1894 – Xalq artisti Ağahüseyn Xəlil oğlu Cavadov (1894 – 20.7.1981) Bakının Xırdalan kəndində anadan olub. Türk İşçi, Akademik Dram, Musiqili Komediya teatrlarında işləyib. “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Görüş”, “Şərikli çörək” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
22 aprel 1911 – Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 – 25.5.1991) Zəngəzur mahalının Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub, “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.
22 aprel 1912 – Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912 – 10.5.1994) anadan olub.
22 aprel 1935 – Əməkdar artist Firdovsi Qiyas oğlu Naibov (1935 – 29.11.2009) Ağdamda doğulub. Milli Dram, Gənc Tamaşaçılar teatrlarının aktyor olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
22 aprel 1942 – Görkəmli aktyor, Əməkdar artist Həsən Abbasqulu oğlu Əbluc (1942 – 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi Bakıya köçüb. Televiziya tamaşalarında, kinoda (“Qanlı zəmi”, “Tənha narın nağılı” və s.) maraqlı obrazlar yaradıb, “Pəncərə” filminə quruluş verib. Filmlərin səsləndirilməsində iştirak edib.
22 aprel 1983 – Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (16.9.1909 – 1983) vəfat edib. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib.
22 aprel 2014 – Prezident İlham Əliyev Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
23 aprel 1909 – Yazıçı-publisist Səməd Ağaoğlu (Səməd Əhməd bəy oğlu Ağayev; 1909 – 6.8.1982) Bakıda doğulub. Atası Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olub, Cümhuriyyətin süqutundan sonra ailəsi Türkiyəyə mühacirət edib. Səməd Ağaoğlu Türkiyə Böyük Millət Məclisinin üzvü, baş nazirin müavini, nazir olub.
23 aprel 2018 – Prezident İlham Əliyev görkəmli teatr rejissoru, aktyor, teatrşünas və pedaqoq, SSRİ Xalq artisti Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Dünya
19 aprel 1832 – İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904) Xose Eçerqay-i-Eysagirre (José Echegaray y Eizaguirre; 1832-1916) anadan olub. 60-dan çox dram əsərinin yarısını nəzmlə yazıb.
20 aprel 1927 – Rus aktyoru Pavel Borisoviç Luspekayev (1927-1970) anadan olub. Ömrünün son illərində ayaq barmaqları amputasiya olunsa da, “Səhranın bəyaz günəşi” filmində çəkilib.
21 aprel 1816 – İngilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. “Ceyn Eyr”, “Müəllim”, “Yaşıl cırtdan” və s. romanların müəllifidir.
22 aprel 1724 – Alman filosofu İmmanuel Kant (1724-12.2.1804) anadan olub. Əsərləri: “Saf idrakın tənqidi”, “Mənəviyyat metafizikasının əsasları” və s.
22 aprel 1899 – Rus yazıçısı Vladimir Nabokov (1899-2.7.1977) anadan olub. 1919-cu ildə mühacirətə gedib, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s.
22 aprel 1922 – Amerika caz musiqisinin məşhur nümayəndəsi Çarlz Maqnus (Charles Mingus; 1922-1979) anadan olub.
23 aprel 1616 – İngilis şairi və dramaturqu Vilyam Şekspir (William Shakespeare; 26.4. 1564 – 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Otello”, “Maqbet” və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.
23 aprel 1616 – İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra; 29.9.1547 – 1616) vəfat edib. Əsərləri: “Don Kixot”, “Persiles və Sigizmunda” (roman), “Parnasa səyahət” (poema).
23 aprel 1891 – Rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: “Hərb və sülh” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.
23 aprel 1902 – İsland yazıçısı, Nobel mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldór Kiljan Laxness; 1902-1998) аnаdаn оlub. Əsərləri: “İsland zınqırovu”, “Qaytarılmış cənnət”.
Hazırladı: V.Orxan