Olaylar, faktlar (19–23 aprel)
615 il əvvəl...
21 aprel 1408-ci ildə Sərdrud döyüşündə (Təbrizin yaxınlığında kənd) Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin qoşunları Teymurləngin oğlu Miranşahın qoşunlarını məğlub edib. Miranşah öldürülüb, Azərbaycan torpaqlarında Teymurilərin (Əmir Teymur 1405-də vəfat etmişdi) hökmranlığına son qoyulub.
240 il əvvəl...
19 aprel 1783-cü ildə II Yekaterina Krımın Rusiyaya birləşdirilməsi barədə manifest imzalayıb. 1768-1774-cü illər müharibəsində Rusiyaya məğlub olan Osmanlı dövləti Krıma nəzarəti itirmişdi.
125 il əvvəl...
21 aprel 1898-ci ildə İspaniya ilə ABŞ arasında müstəmləkələrin bölüşdürülməsi ilə bağlı müharibə başlayıb. ABŞ üç ay sürən müharibədə Kuba, Puerto-Riko və Filippini ələ keçirdi. Bu, ABŞ-nin ilk uğurlu müstəmləkəçilik müharibəsi idi.
105 il əvvəl...
22 aprel 1918-ci ildə Zaqafqaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər. Seymdə azərbaycanlı (44 nəfər) deputatların fraksiyasına M.Rəsulzadə rəhbərlik edirdi. Gürcü A.Çxengelinin başçılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, K.Məlik-Aslanov, N.Yusifbəyli, M.H.Hacinski və M.Heydərov daxil idilər. Federasiya bir ay sonra dağıldı. Mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan müstəqilliyini elan etdi.
103 il əvvəl...
23 aprel 1920-ci ildə Atatürkün başçılığı altında Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk toplantısı açılıb. TBMM-in yaradılması ilə Türkiyədə yadelli işğalçılara qarşı Qurtuluş savaşı mühüm mərhələyə qədəm qoydu. Cümhuriyyət qurulandan sonra Atatürkün tövsiyəsi ilə 23 aprel Türkiyədə “Milli Müstəqillik və Uşaq Günü” elan edildi.
45 il əvvəl...
21 aprel 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada (maddə 73) Azərbaycan dili respublikanın dövlət dili təsbit olunub.
28 il əvvəl...
23 aprel 1995-ci ildə ilk dəfə Dünya Kitab və Müəllif Hüquqları Günü (World Book and Copyright Day) qeyd olunub. Bu gün UNESCO tərəfindən eyni tarixdə (1616-cı il 23 aprel) vəfat etmiş dünya ədəbiyyatının tanınmış simaları – ingilis şairi və dramaturqu Vilyam Şekspir, ispan yazıçısı Migel de Servantes və Peru yazıçısı İnka Qarsilaso de la Veqanın xatirəsinə ehtiram olaraq təsis edilib.
24 il əvvəl...
23 aprel 1999-cu ildə NATO-nun Vaşinqton sammitində keçmiş sosialist ölkələri Çexiya, Polşa və Macarıstanın alyansa qəbulu mərasimi keçirilib. NATO-nun Şərqə doğru genişlənməsi başlayıb.
5 il əvvəl...
20 aprel 2018-ci ildə Prezident İlham Əliyev “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.
Hazırladı: V.Orxan