Lənkəran Dövlət Dram Teatrında Könül Məmmədovanın “Yaşayan ölü” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Səhnə əsərində iki qohum ailənin faciəsi timsalında narkomaniyanın cəmiyyətdə, ayrı-ayrı ailələrdə törətdiyi bəlalardan bəhs olunur. Narkomaniyaya aludə olan Xalidə dünyaya şikəst gətirdiyi oğlundan – Nahiddən hələ onun körpəliyi zamanı imtina edib. İkinci oğlu Orxan isə məhz Xalidənin etinasızlığı və laqeydliyi ucbatından narkomaniyaya qurşanaraq acınacaqlı həyat tərzi keçirir. Son nəticədə o, anlaqsız hərəkətləri ilə əmisi qızı Nərgizi bədbəxt edir.
Maraqla izlənilən tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Rolları Miraslan Ağayev, Təranə Fərəcova, Emil Rzayev, Saleh Əzimzadə, Qızılgül Quliyeva, Rauf Zeynalov, Aysel Babazadə və Şəbnəm Hüseynova ifa ediblər.