Mingəçevir Dövlət Dram Teatrı 55 illik yubileyini müxtəlif layihələrlə qeyd edir. Yubiley münasibətilə sənət ocağında “Bir teatr – bir festival” adlı monotamaşalar festivalı keçirilir.

Teatrın direktoru Əməkdar artist İntiqam Soltanın müəllif layihəsi olan festivalın ilk mərhələsi 15-16 aprel tarixlərində gerçəkləşib. Festivalın açılış mərasiminə şəhər sakinləri, eləcə də Lənkəran, Gəncə Dövlət Dram, Gəncə Dövlət Kukla teatrlarının təmsilçiləri, teatrşünas və yazarlar qatılıblar.

İntiqam Soltan teatrın tarixindən söz açıb, teatrsevərləri festival tamaşalarını izləməyə dəvət edib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Səxavət Məmmədov,  Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, “EL” televiziyasının direktoru İqbal Məmmədəliyev yubileylə bağlı kollektivi təbrik ediblər. Onlara kollektiv adından “Teatrın dostu” mükafatları təqdim edilib.

Mingəçevir Şəhər İcra Hakimiyyəti adından teatrın qocaman aktrisası, Xalq artisti Ella Yaqubova, baş rejissor Vüsal Mehrəliyev  və aktrisa Könül Ahəngarin fəxri fərmanlarla təltif olunublar.

Açılışın ardınca tamaşalar nümayiş olunub. İki gün ərzində teatrın artistləri müxtəlif tamaşalardan monoloqlar, eləcə də mono-oyun və kompozisiya təqdim ediblər.

Festivalın may-iyun aylarına nəzərdə tutulan ikinci mərhələsinə digər şəhər və rayonlardan da teatrlar cəlb olunacaq.