Bu günlərdə Bakıda keçirilən “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” adlı beynəlxalq konfrans təkcə region ölkələrində deyil, ümumilikdə dünyada mətbəx turizminin inkişafı və perspektivləri baxımdan önəmli hadisə idi. Konfrans səmərəli fikir mübadiləsi və müzakirələrlə yadda qaldı.
   
   Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanovun sözlərinə görə, bu, Dünya Turizm Təşkilatının dəstəyi ilə mətbəx turizmi mövzusunda keçirilən ikinci beynəlxalq tədbirdir. İlk belə tədbir 2000-ci ildə Larnakada (Kipr) “Mətbəxin turizmdə yeri” adı altında gerçəkləşib: “Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, səyahət edən turistlərin 82 faizi getdikləri ölkəni mətbəxinə görə tanıyır. Turizm sahəsində əldə edilən gəlirin 30 faizi isə restoran biznesindən və mətbəxdən əldə edilir. Ona görə də Dünya Turizm Təşkilatının mətbəx turizminə belə önəm verməsi təqdirəlayiq addımdır. O ki qaldı tədbirin Bakıda keçirilməsinə, bunun əsas səbəbi ondan ibarətdir ki, İpək Yolu ölkələri içərisində Azərbaycan mətbəx sahəsində mütləq üstünlüyə malikdir. Bu baxımdan konfransı yüksək dəyərləndirirəm. Tədbir milli kulinariyamız, Azərbaycanın turizmin bu sahəsində imkanları barədə iştirakçıları məlumatlandırmaq baxımından da əhəmiyyətli oldu. Təbii ki, 1-2 günə Azərbaycanın zəngin mətbəxi ilə tam tanış olmaq mümkün deyil. Amma bu konfrans milli mətbəximizin dünyada tanıdılmasına daha bir töhfə sayıla bilər”.
   
   Restoran və şadlıq evlərində mətbəx monitorinqi
   
   Tahir Əmiraslanov söhbət əsnasında bildirdi ki, Milli Kulinariya Mərkəzi Dövlət Standartlaşdırma və Metrologiya Komitəsinə məktubla müraciət edib. Yaxın vaxtlarda komitənin mütəxəssisləri ilə birlikdə toyxanaların mətbəxində, restoranlarda monitorinqlər keçiriləcək: «Mən təəssüflə bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün bizdə yeməklərə heç kim nəzarət etmir. Buna görə də keçirdiyimiz monitorinqlər zamanı rast gəldiyimiz neqativ halların aradan qaldırılması üçün həmin ictimai-iaşə obyektlərinə vaxt qoyacağıq. Bu müddət ərzində özümüz də onlara yardımçı olacağıq. İstəyirik mətbəx sahəsində müəyyən bir qayda-qanun yaradaq. Bu sahədə dörd tərəf var: dövlət, sahibkar, müştəri və bu obyektlərdə çalışan insanlar. Elə bir qayda yaradılmalıdır ki, bu dörd tərəfin hamısının maraqları uzlaşdırılsın».
   Mərkəz sədri qeyd etdi ki, dünyada mövcud olan təcrübəyə görə, səhiyyə və restoran biznesində peşə təhsili olmadan çalışmaq mümkün deyil: “Ölkəmizdə bu sahədə peşə təhsili verən bir neçə məktəb var. Amma bununla belə, restoranlarda çalışanların əksəriyyətinin peşə təhsili yoxdur. Onlar gigiyenanı, mətbəx qaydalarını və s. bilmir. Nəticədə müxtəlif xəstəliklər yayılır. Bundan əlavə, mətbəxdə çalışan insanlar vaxtaşırı olaraq həkim yoxlamasından keçməlidir. Müxtəlif yoluxucu xəstəlikləri olan insanların bu sahədə işləməsinə imkan vermək olmaz. Monitorinqlər nəticəsində biz bu kimi halların aradan qaldırılmasına çalışacağıq».
  

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar