Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin istehlakçıların hüquqlarının qorunması və bu hüquqların pozulması hallarının aşkar edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq turizm şirkətlərinin fəaliyyətinin monitorinqini aparır. Ayrı-ayrı şirkətlərin fəaliyyətində qeydə alınmış şikayətlər və dələduzluq halları ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatların artması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, bu faktlar turizm fəaliyyətinə lisenziyası olmayan və fəaliyyətlərini qanunvericiliyə zidd şəkildə həyata keçirən şirkətlərdə aşkar edilib.
Mədəniyyət və Turizm Nazirliyi xoşagəlməz halların qarşısını almaq üçün turizm xidmətlərindən istifadə edən vətəndaşları bir daha xəbərdar edir ki, turizm şirkətlərindən turizm fəaliyyəti üçün qüvvədə olan lisenziyanın təqdim edilməsini tələb etsinlər.
Neqativ faktlar aşkar edildikdə, nazirliyin 147 qaynar xəttinə müraciət etmək və yaxud Mədəniyyət və Turizm Nazirliyinin saytına (www.mct.gov.az) müvafiq məlumatları göndərmək xahiş olunur.
Fəxriyyə Abdullayeva