Azərbaycan
24 aprel 1866 – Yazıçı-publisist, maarif xadimi Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866-1942) Şamaxıda doğulub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.
24 aprel 1902 – SSRİ Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 – 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Mən ki gözəl deyildim”, “Nəsimi”, “Yeddi oğul istərəm” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
24 aprel 1941 – Əməkdar artist Rafiq Mirzəcan oğlu Hüseynov (1941-2018) Hacıqabul rayonunda doğulub. Gənc Tamaşaçılar Teatrının aktyoru olub, filmlərdə çəkilib.
24 aprel 2011 – Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 11.11.1921 – 2011) vəfat edib. 1940-cı illərdə Cənubi Azərbaycanda milli azadlıq hərəkatında iştirak edib, ilk şeir kitabları Ərdəbildə və Təbrizdə nəşr olunub.
25 aprel 1905 – Ədəbiyyatşünas, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 – 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. Rus ədəbiyyatından tərcümələr edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.
25 aprel 1911 – Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının ilk tamaşası (quruluşçu rejissor Hüseynqulu Sarabski) olub.
25 aprel 1911 – Əməkdar artist, müğənni Elmira Ağa qızı Axundova (1911 – 26.11.1998) Bakıda anadan olub. Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb.
25 aprel 1914 – Xalq artisti Məhəmməd İsmayıl oğlu Burcəliyev (1914 – 25.11.1994) Şəkidə doğulub. 1935-ci ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, teatrda direktor işləyib, tamaşalara quruluş verib. “Dəli Kür”, “Gözlə məni”, “Qəm pəncərəsi” və s. filmlərdə çəkilib.
25 aprel 1933 – Azərbaycan peşəkar milli teatrının 60 illiyi təntənəli şəkildə qeyd edilib.
25 aprel 1942 – Əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev (1942 – 14.4.2020) Gəncədə doğulub. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru olub.
26 aprel 1908 – Görkəmli yazıçı, ədəbiyyatşünas, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (1908 – 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasının müəllifidir. BDU-nun professoru olub.
26 aprel 1947 – Kinorejissor, Əməkdar incəsənət xadimi Gülbəniz Yusif qızı Əzimzadə (1947 – 7.12.2006) Bakıda anadan olub. Filmləri: “Qaladan tapılan mücrü”, “Avqust gələndə”, “Ötən ilin son gecəsi”, “Qətl günü” və s.
26 aprel 1972 – Bakıda Azərbaycan rəssamlarının VII qurultayı keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev qurultayda çıxış edib.
26 aprel 1972 – Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (2014-cü ildən Azərbaycan Xalça Muzeyi) ilk ekspozisiyası İçərişəhərdəki Cümə məscidinin binasında açılıb.
26 aprel 2021 – Əməkdar artist, müğənni Baloğlan Xanoğlan oğlu Əşrəfov (8.10.1951 – 2021) vəfat edib.
27 aprel 1940 – Folklorşünas alim, professor Bəhlul Ağabala oğlu Abdulla (1940-2011) Lerik rayonunun Lələhiran kəndində anadan olub.
27 aprel 1951 – Əməkdar artist, tanınmış kamança ifaçısı Ədalət Səfərəli oğlu Vəzirov (1951 – 5.10.2002) anadan olub. Moskvada Beynəlxalq musiqi müsabiqəsinin (1974) qalibi olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) müəllim işləyib.
27 aprel 2020 – Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin banisi, tarix elmləri doktoru, Əməkdar elm xadimi, professor Abuzər Alı oğlu Xələfov (25.12.1931 – 2020) vəfat edib. 50 ildən çox BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri işləyib.
28 aprel 1914 – Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 – 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. Əsərləri: “Şimal küləyi”, “Dəniz qapısı” və s. “Kölgələr sürünür”, “Yenilməz batalyon” filmlərinin ssenarisini yazıb.
28 aprel 1916 – Əməkdar incəsənət xadimi, teatr rəssamı Əsgər Məmmədismayıl oğlu Abbasov (1916 – 9.2.1970) anadan olub. Musiqili Komediya Teatrının baş rəssamı işləyib.
28 aprel 1916 – Əməkdar incəsənət xadimi, bəstəkar Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub. Simfonik əsərlərin, romansların, “Duyğular” vokal silsiləsinin müəllifidir.
28 aprel 1917 – Xalq artisti Məhluqə Sadıqova (1917 – 15.8.2003) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, uzun illər radioda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub. “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
28 aprel 1920 – Məşhur tarzən, Xalq artisti Hacı Məmməd oğlu Məmmədov (1920 – 2.8.1981) Şamaxıda doğulub. Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Eyni zamanda tanınmış həkim-cərrah olub.
28 aprel 1920 – Bəstəkar, dirijor və pedaqoq Məmməd Qəzənfər oğlu Məmmədov (1920 – 28.1.1987) anadan olub.
28 aprel 1921 – Əməkdar elm xadimi, tanınmış dilçi alim, professor Məmməd Tağı oğlu Tağıyev (1921 – 28.9.1994) Samux rayonunda doğulub. “Azərbaycanca-rusca lüğət”in (4 cild) redaktoru, “Rusca-azərbaycanca frazeoloji lüğət”in tərtibçisidir.
28 aprel 1925 – Əməkdar incəsənət xadimi, yazıçı Məmmədhüseyn Rüstəm oğlu Əliyev (1925 - 6.7.1994) Lerik rayonun Kürdəsər kəndində doğulub. “Dağlar oğlu”, “Torpağın ətri” və s. romanların müəllifidir.
28 aprel 1956 – Tanınmış tarzən Gülağa Tapdıq oğlu Zeynalov (1956 - 2.1.2015) Şuşa şəhərində doğulub. Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri olub.
Dünya
24 aprel 1845 – İsveçrə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845-1924) anadan olub. Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”.
25 aprel 1928 – SSRİ Xalq artisti Yuri Vasilyeviç Yakovlev (1928 – 30.11.2013) anadan olub. Filmləri: “İdiot”, “Qusar balladası”, “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.
26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World Intellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.
26 aprel 1798 – Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix; 1798-1863) anadan olub. “Barrikadada azadlıq”, “Xiosda qətliam” və s. tarixi tabloların müəllifidir.
26 aprel 1886 – Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886-1913) anadan olub.
27 aprel 1878 – Tacik milli ədəbiyyatının banisi, yazıçı və şair Sədrəddin Ayni (Səid-Muradzadə; 1878-1954) anadan olub. Özbək dilində də yazıb. Əsərləri: “Odina”, “Dohunda”, “Qullar”.
27 aprel 2007 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (27.3.1927 – 2007) vəfat edib. Bakıda doğulub. Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeninə (2007) layiq görülüb.
28 aprel 1848 – Danimarka bəstəkarı Lüdviq Şitte (Ludvig Schytte; 1848-1909) anadan olub. “Gero”, “Məmlük” operalarının müəllifidir.
28 aprel 1902 – Norveç yazıçısı Yohan (Johan) Borgen (1902-1979) anadan olub. Romanları: “Yay yoxdur və olmayacaq”, “Məhəbbət cığırı”, “Mən” və s.
Hazırladı: V.Orxan