Olaylar, faktlar (24–27 aprel)
195 il əvvəl...
26 aprel 1828-ci ildə İranla müharibədən qalib çıxaraq Azərbaycanın şimalını özünə birləşdirən Rusiya Qafqazdakı ikinci rəqibinə – Osmanlı dövlətinə savaş elan edib. Müharibə bir il sonra (Ədirnə sülhü, 1829) Rusiyanın nisbi üstünlüyü ilə başa çatdı. Müharibənin nəticəsi kimi Şərqi Anadoludakı ermənilərin bir hissəsi Cənubi Qafqaza – İrəvan xanlığına köçürüldü.
146 il əvvəl...
24 aprel 1877-ci ildə Rusiya Qafqazda və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələndi. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilər yaşayan bir neçə bölgəsini (Qars, Ərdahan), habelə Osmanlının nəzarətində olan Bessarabiyanın (indiki Moldova ərazisi) bir hissəsini özünə birləşdirdi.
114 il əvvəl...
27 aprel 1909-cu ildə Osmanlı dövlətində növbəti saray çevrilişi baş verib. 1876-cı ildən hakimiyyətdə olan Sultan II Abdülhamit taxtdan salınıb, onun yerinə qardaşı – şahzadə Mehmet Reşat (V Mehmet) taxta çıxarılıb.
105 il əvvəl...
25 aprel 1918-ci ildə Bakıda bolşevik hökuməti – S.Şaumyanın sədrliyi ilə “Xalq Komissarları Soveti” yaradılıb. Tarixə “26 Bakı komissarı” adı ilə düşən qurum Leninin tapşırığı ilə Azərbaycanı sovetləşdirməli idi. “Bakı Kommunası”nda aparıcı vəzifələri ermənilər tuturdular, hökumətdə yeganə azərbaycanlı Məşədi Əzizbəyov idi.
104 il əvvəl...
25 aprel 1919-cu ildə Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Qiyamçılar bölgəni “Muğan Sovet Respublikası” elan ediblər. Qiyam iyul ayında Cümhuriyyət qüvvələri tərəfindən yatırıldı.
96 il əvvəl...
27 aprel 1927-ci ildə Türkiyədə ilk radio yayımı başlayıb. “Türk Telsiz Telefon” adlı özəl qurum 1938-ci ildə Dövlət Radiosu qurulanadək yayımını davam etdirib.
57 il əvvəl...
26 aprel 1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə güclü zəlzələ olub. 7,5 bal gücündə zəlzələ nəticəsində şəhərdə 30 mindən artıq tikili qismən və tamamilə dağılmışdı. İnsan tələfatı barədə nə o vaxt, nə də sonra konkret rəqəm açıqlanmadı.
45 il əvvəl...
27 aprel 1978-ci ildə Əfqanıstanda dövlət çevrilişi baş verib. 1973-cü ildə Məhəmməd Zahir şahın taxtdan əl çəkməsindən sonra hakimiyyətə gələn və Əfqanıstan Respublikasını elan edən Məhəmməd Davud Xan sosialist təmayüllü qüvvələr tərəfindən devrilib (və ertəsi gün öldürülüb). Ölkənin adı Əfqanıstan Demokratik Respublikası olaraq dəyişdirilib. Sonrakı ilyarım içində sosialist rejimin başçısı olan Nur Məhəmməd Təraki və onun ardınca Hafizulla Əmin də devrilərək öldürüldü. 1979-cu ilin dekabrında Əfqanıstana sovet qoşunları daxil oldu.
37 il əvvəl...
26 aprel 1986-cı ildə Ukraynada Çernobıl AES-nin 4-cü blokunda nüvə reaktorunun partlaması nəticəsində tarixin ən dəhşətli texnogen qəzası baş verib. Öldürücü radiasiya buludu Ukrayna, Belarus və Rusiyanın bir sıra bölgələrinə yayıldı. AES-nin 30 kilometr radiusunda əhali köçürüldü, həmin ərazi “ölü zona” elan edildi. Çernobıl qurbanlarının dəqiq uçotu aparılmasa da, ötən müddətdə ölümcül şüalanma nəticəsində on minlərlə insan vəfat edib.
Hazırladı: V.Orxan