Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda) 

1981-ci il 31 avqust

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev respublikada səfərdə olan məşhur Norveç səyyahı və alimi Tur Heyerdalı qəbul edib.

 

1981-ci il 25 sentyabr

 

Heydər Əliyev Bakı şəhərində keçirilən ümumi və tətbiqi kimya üzrə XII Mendeleyev qurultayının iştirakçıları üçün təşkil olunmuş konsertdə iştirak edib.

 

1981-ci il 27 sentyabr

 

Heydər Əliyev Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində nitq söyləyib.

“Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi rayonun ictimai-siyasi və mədəni həyatında mühüm səhifədir. Məharətlə seçilmiş eksponatlar rayonun təkcə zəngin tarixi keçmişindən deyil, həm də bugünkü gözəl həyatından söhbət açır. Muzey rayonda ideya tərbiyə işinin daha da təkmilləşməsinə kömək etməlidir. Eyni zamanda respublikanın başqa şəhərlərində və rayonlarında açılmış və açılmaqda olan tarix-diyarşünaslıq muzeyləri Azərbaycanın nailiyyətlərini daha dərindən əks etdirməlidir...”.

 

1981-ci il 6 oktyabr

 

Heydər Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin 840 illik yubiley təntənələrində iştirak etmək üçün Bakıya gəlmiş qonaqları qəbul edib.

 

1981-ci il 23 oktyabr

 

Heydər Əliyev Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş (SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 oktyabr 1981-ci il tarixli fərmanı ilə) Xalq yazıçısı Mirzə İbrahimovun 70 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.

“Bu gün biz Mirzə İbrahimovun 70 illik yubileyini qeyd edərkən və onun 50 illik ədəbi fəaliyyətinə bir növ yekun vurarkən cəsarətlə deyə bilərik ki, yazıçının bədii yaradıcılığı Azərbaycan ədəbiyyatında mühüm yer tutur, onun inkişafına, yazıçıların bir neçə nəslinin təşəkkülünə böyük təsir göstərmişdir.

Mirzə İbrahimovun ədəbi fəaliyyəti zəngin və rəngarəngdir. İlk böyük əsəri olan “Həyat” pyesi Cəfər Cabbarlının “Sevil”, “Almaz”, “Yaşar” kimi əsərləri ilə yanaşı respublikada sosializm quruculuğunda böyük rol oynamışdır... Mirzə İbrahimov öz əsərlərində zamanın ən aktual məsələlərini böyük bədii qüvvə ilə qələmə alır və oxucular onun yaradıcılığını Azərbaycan tarixinin həqiqi salnaməsi kimi qəbul edirlər. Mirzə İbrahimovun roman janrında da xidmətləri böyükdür. O, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” kimi epik əsərlər yaratmışdır ki, bunlar da Azərbaycan ədəbiyyatının, bütün müasir ədəbiyyatın həqiqətən görkəmli əsərlərindəndir.

Bədii yaradıcılığı ilə yanaşı Mirzə İbrahimovu respublikamızda və ölkəmizdə görkəmli bir ədəbiyyatşünas, alim, tənqidçi və publisist kimi də tanıyırlar. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü kimi bu sahələrdə onun fəaliyyəti yüksək qiymətə layiqdir...

Mirzə İbrahimov respublikanın ictimai həyatında da həmişə fəal iştirak edir. O, gənc yaşlarından partiya, sovet orqanlarının və ictimai orqanların tərkibinə seçilmiş, maarif naziri, Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. SSRİ Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvüdür.

Uzun illər Mirzə İbrahimov Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etmiş, SSRİ Yazıçılar İttifaqının katibi olmuşdur. Azərbaycan yazıçılarının VII qurultayında o, yenidən respublika Yazıçılar İttifaqı idarə heyətinin sədri seçilmişdir... 1977-ci ildən Mirzə İbrahimov Asiya və Afrika Ölkələri Həmrəyliyi Sovet Komitəsinin sədridir və bu sahədə onun fəaliyyəti layiqincə qiymətləndirilir.

Sosialist Əməyi Qəhrəmanı adı Mirzə İbrahimovun yaradıcılığına və ictimai fəaliyyətinə yüksək qiymətdir. Eyni zamanda bu, Azərbaycan ədəbiyyatının, SSRİ xalqlarının bütün ədəbiyyatının nailiyyətlərinə verilən yüksək qiymətdir...”.

 

1981-ci il 18 noyabr

 

SSRİ Yazıçılar İttifaqının orqanı olan “Literaturnaya qazeta”da Heydər Əliyevin “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsi dərc olunub.

 

1981-ci il 24 noyabr

 

Heydər Əliyev M.F.Axundov adına Opera və Balet Teatrında böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin 780 illiyinə həsr olunmuş təntənəli gecədə iştirak edib.

 

1981-ci il 27 noyabr

 

Heydər Əliyev “Azərbaycanın tarix və mədəniyyət abidələri” sərgisini ziyarət edib.

 

1981-ci il 30 noyabr

 

Azərbaycan Teatr Cəmiyyətinin VII qurultayı keçirilib. Heydər Əliyev qurultayda iştirak edib.

***

Ədəbiyyat, incəsənət xadimlərinin fəaliyyəti dövlət təltifləri ilə təşviq olunurdu.

 

1981-ci il 26 avqust

 

Ədəbiyyat sahəsində xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq “Yazıçı” nəşriyyatının redaktoru, yazıçı Seyfəddin Dağlı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

1981-ci il 11 sentyabr

 

Ədəbiyyat sahəsində xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq yazıçı Novruz Gəncəli respublika Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

 

1981-ci il 16 noyabr

 

Azərbaycan sovet təsviri sənətinin inkişafında хidmətlərinə görə və anadan olmasının 75 illiyi ilə əlaqədar olaraq Xalq rəssamı Lətif Kərimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

Hazırladı: V.Orxan

(davamı var)