Tovuz rayon Mərkəzi Kitabxanasında 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Kitab olsun amalımız” mövzusunda tədbir təşkil olunub.

Çıxışlarda bu günün tarixi haqqında məlumat verilib. Qeyd olunub ki, UNESCO-nun 1995-ci ildə təsis etdiyi günün dünya ədəbiyyatı üçün xüsusi anlamı var. 23 aprel 1616-cı ildə dünya ədəbiyyatının üç tanınmış siması – ingilis şairi və dramaturqu Vilyam Şekspir, ispan yazıçısı Migel de Servantes və Peru yazıçısı İnka Qarsilaso de la Veqa vəfat edib. Əlamətdar gün onların xatirəsinə ehtiram kimi təsis olunub. Belə bir günün təsis edilməsi həm də kitablara və müəlliflərə dünya miqyasında ehtiramın göstəricisi, kitabların hər kəsə əlçatan olmasının təşviqidir.

***

Əlamətdar gün münasibətilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cəlaləddin Budadoğlu ilə oxucuların görüşü keçirilib. Vurğulanıb ki, kitab və müəlliflik biri digərini tamamlayan və daima qarşılıqlı əlaqədə olan anlayışlardır. Müəllif hüququ əqli mülkiyyətin ən vacib, mürəkkəb və dəyərli bir hissəsidir. Bu gün dünyanın hər yerində milyonlarla insanı bir araya gətirən platformaya çevrilib. Daha sonra C.Budadoğlu şeirlərindən nümunələr səsləndirib.