“Heydər Əliyev İli” tədbirləri davam edir

 

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan deyəndə səni düşünürük biz...” adlı inşa-yazı müsabiqəsi keçirilib. Ağcabədi şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirak etdiyi müsabiqənin məqsədi Ümummilli liderin zəngin dövlətçilik irsinin və ideyalarının yeni nəsillər tərəfindən öyrənilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Müsabiqənin qalibləri Heydər Əliyev Mərkəzinin diplomları ilə təltif olunacaq.

Ağdaş rayon MKS-nin Yuxarı Ağcayazı kənd kitabxana filialının təşkilatçılığı ilə “Heydər Əliyev – 100” adlı tədbir keçirilib. Məktəblilərin ifasında Ulu öndərə həsr edilmiş şeirlər səsləndirilib, kitablardan ibarət sərgi nümayiş olunub.

Daşkəsən rayon Mədəniyyət Mərkəzi, rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli liderin 100 illiyinə həsr olunmuş şeir qiraəti müsabiqəsi keçirilib. Qaliblər fəxri fərmanla təltif edilib.

Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbində “Heydər Əliyev və incəsənət xadimlərinə diqqət və qayğı” adlı tədbir keçirilib. Şagirdlər Ulu öndərə həsr olunmuş şeirlər söyləyib, müxtəlif musiqi nömrələrini ifa ediblər.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Masallı şəhər 7 saylı tam orta məktəbində “Heydər Əliyev – müasir Azərbaycanın memarı” mövzusunda tarix dərsi keçirilib.

Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konsert təşkil edilib.

Ağstafa rayon Hüseyn Arifin Ev-Muzeyində “Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Çıxışlarda Azərbaycanda gənclər hərəkatının tarixindən, ölkəmizin həyatında gənclərin rolundan danışılıb. Heydər Əliyevin gənclərin hərtərəfli inkişafı ilə bağlı həyata keçirilmiş islahatlarda əvəzsiz xidmətləri xüsusi vurğulanıb.

Samux şəhər Uşaq musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsində Ulu öndərin 100 illiyinə həsr olunmuş konsert təşkil edilib. Konsertdə şagirdlərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.