Azərbaycan
29 aprel 1919 – Kinorejissor, SSRİ Xalq artisti, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 – 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, “Mosfilm”də işləyib. “Onun böyük ürəyi”, “Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.
29 aprel 1941 – Azərbaycan KP MK-nın Büro iclasında Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinin keçirilməsi haqqında qərar (yubiley mərasimi 1941-ci il 16 oktyabr tarixinə təyin olunmuşdu) qəbul edilib.
29 aprel 2000 – Prezident Heydər Əliyev Xalq şairi Rəsul Rzanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
30 aprel 1880 – Xalq rəssamı Əzim Aslan oğlu Əzimzadə (1880 – 15.6.1943) Bakının Novxanı kəndində doğulub. 1906-cı ildən əsərləri “Molla Nəsrəddin” jurnalında dərc olunub. Milli təsviri sənətdə karikatura janrının, kitab qrafikası sənətinin (M.Ə.Sabirin “Hophopnamə” kitabına illüstrasiyalar, 1914) banisi sayılır.
30 aprel 1920 – Əməkdar mədəniyyət işçisi, tarzən Kamil Əlisəftər oğlu Əhmədov (1920–1996) Bakıda anadan olub.
30 aprel 1937 – Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının (librettonun müəllifləri Q.İsmayılov və M.S.Ordubadi) ilk tamaşası nümayiş olunub. Koroğlu rolunu SSRİ Xalq artisti Bülbül ifa edib.
30 aprel 1946 – Əməkdar artist Xanlar Yunis oğlu Muradov (1946 – 5.2.2005) Bakının Qobu qəsəbəsində doğulub. Sumqayıt Musiqili Dram, Musiqili Komediya teatrlarında çalışıb, filmlərə çəkilib.
1 may 1901 – Aşıq Bəhmən Göyçəli (Bəhmən İbrahim oğlu Qarayev; 1901-1976) anadan olub.
1 may 1910 – Xalq artisti, müğənni Sürəyya Sədrəddin qızı Qacar (1910-1992) Şuşada doğulub. Operalarda (“Leyli və Məcnun”, “Aşıq Qərib” və s.) əsas partiyalarda çıxış edib.
1 may 1928 – Əməkdar rəssam Tələt Ağalar oğlu Şıxəliyev (1928-1987) Masallı rayonunun Digah kəndində anadan olub. Yaradıcılığında portret janrı üstünlük təşkil edir.
1 may 1934 – Yazıçı, dramaturq İsi Abbas oğlu Məlikzadə (1934 – 12.5.1995) Ağcabədi rayonunda anadan olub. Əsərləri və ssenariləri əsasında filmlər (“Qoca palıdın nağılı”, “Kişi sözü”, “Küçələrə su səpmişəm” və s.) çəkilib.
1 may 1936 – Görkəmli dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev (1936 – 27.11.2015) Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.
1 may 1941 – Xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov (1941 – 17.6.2020) Bakıda anadan olub. 20-dən çox filmin quruluşçu rəssamıdır: “Babək”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt” və s. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.
1 may 1947 – Əməkdar incəsənət xadimi, bəstəkar Rauf Tofiq oğlu Əliyev (1947 – 14.6.2017) Şuşada anadan olub. Simfonik, instrumental və kamera əsərləri, filmlərə (“Yalan”, “Fəryad”) musiqi yazıb.
1 may 1950 – Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (24.3.1872 – 1950) vəfat edib. “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Döyüşən şəhər” və s. romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
1 may 2002 – Prezident Heydər Əliyev görkəmli mədəniyyət xadimi, bəstəkar, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin 80 illiyi haqqında sərəncam imzalayıb.
2 may 1913 – Əməkdar artist Məmməd Əhməd oğlu Sadıqov (1913 – 28.5.1987) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
2 may 1916 – Əməkdar artist Ətayə Qulam qızı Əliyeva (1916 – 6.4.1995) Aşqabadda anadan olub. 1934-cü ildə Bakıya gələrək Teatr Texnikumuna daxil olub. İrəvan, Gəncə teatrlarında, Akademik Dram Teatrında çıxış edib. Çəkildiyi filmlər: “Onu bağışlamaq olarmı?”, “Bizim küçə” və s.
2 may 1916 – Əməkdar artist Mənsurə Vahab qızı Cəfərova (1916 – 20.3.1997) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.
2 may 1927 – Azərbaycanın ilk peşəkar hərbi dirijoru, sənətşünaslıq namizədi Niyazi Əhməd oğlu Kərimov (1927-2003) Qəbələ şəhərində anadan olub.
2 may 1929 – Dilçi və ədəbiyyatşünas, Əməkdar elm xadimi Yusif Mirəhməd oğlu Seyidov (1929-2013) Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.
2 may 1939 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov (1939 – 24.4.2017) Bakıda doğulub. Muğamların tarixi və nəzəri problemlərinə dair kitabların müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub.
Dünya
29 aprel 1727 – Fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi Jan-Jorje Nover (Jean-Georges Noverre; 1727–1810) anadan olub. Onun xatirəsinə ehtiram olaraq 29 aprel Beynəlxalq Rəqs Günü kimi (1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis edilib) qeyd olunur.
29 aprel 1907 – Amerika rejissoru, 4 dəfə “Oskar” mükafatçısı Fred Sinneman (Fred Zinnemann; 1907-1997) anadan olub.
30 aprel 1870 – Avstriya-macar bəstəkarı və dirijoru Frans (Franz) Lehar (1870-1948) anadan olub. “Şən dul qadın”, “Qaraçı məhəbbəti”, “Torağaylar oxuyan yerdə” operettalarının müəllifidir.
30 aprel 1883 – Çex satirik yazıçısı və dramaturqu Yaroslav Haşek (1883-1923) anadan olub. “Əsgər Şveykin sərgüzəştləri” romanı ilə məşhurlaşıb. “Əcnəbilər üçün gid”, “Mənim it alverim” hekayələr toplusunun müəllifidir.
1 may 1881 – Fransız filosofu, antropoloq və paleontoloq Teyar de Şarden (Pierre Teilhard de Chardin; 1881-1955) anadan olub. Əsərləri: “Bəşəri mühit”, “İnsan fenomeni”.
1 may 1924 – Rus yazıçısı Viktor Astafyev (1924-2001) anadan olub. Əsərləri: “Çar-balıq”, “Qəmli detektiv”, “Lənətlənmiş və öldürülmüşlər” və s.
1 may 1924 – Gürcü aktyoru və rejissoru David Abaşidze (1924-1990) anadan olub. Filmləri: “Qəm yemə”, “Pirosmani”, “Veri məhəlləsinin melodiyası”.
2 may 1903 – Özbək kinosunun yaradıcılarından biri, SSRİ Xalq artisti Kamil Yarmatov (1903-1959) anadan olub. “Əlişir Nəvai”, “İbn Sina” filmlərinə quruluş verib.
2 may 1911 – Tacikistanın Xalq şairi Mirzo Tursunzadə (1911-1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb.
Hazırladı: V.Orxan