Sentyabrın 18-də «JW Marriott Absheron Baku» hotelində Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatının (HVS) təşkilatçılığı, Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə I Mehmanxana İnvestisiya Konfransı (İCON-2012) işə başladı.
«HVS Global Hospitality Services” təşkilatının Moskva nümayəndəliyinin direktoru Tatyana Veller konfransı açaraq bildirdi ki, tədbirin təşkilində məqsəd MDB və Gürcüstanda qonaqpərvərlik biznesində olan problemləri müzakirə etməkdir: «Bu bizim ilk tədbirimizdir. Əgər müsbət nəticələr əldə etsək, bunu ənənə şəklində davam etdirəcəyik. İlk tədbiri Bakıda təşkil etməyimizin səbəbi isə Azərbaycanın qonaqpərvərlik biznesi sahəsində olduqca böyük potensialının olmasıdır. Təbii ki, həlli vacib məsələlər də var. Bunlardan birincisi ölkədə aşağı ulduzlu hotellərin sayının az olmasıdır. Düzdür, 4 ulduzlu, 5 ulduzlu brend hotellər beynəlxalq tədbirlərin keçirilməsi üçün çox əlverişlidir. Lakin qonaqpərvərlik biznesinin inkişafı üçün 1, 2 və 3 ulduzlu hotellərin olması da vacib şərtdir. Sahibkarları bu istiqamətdə investisiya yatırmağa cəlb etməyin yollarını aramaq lazımdır. Bu xüsusda viza qaydalarının sadələşdirilməsi də çox mühümdür”.
«Carlson Rezidor Hotel Group»un baş meneceri Puneet Chhatval bildirdi ki, Azərbaycan turizm bazarının uzunmüddətli artım potensialı baxımından ən perspektivli ölkələrdən biridir: «Regionun hər bir ölkəsi üçün turizmin artım potensialının təhlili zamanı biz gördük ki, 2012-ci ilin proqnozları nikbin olduğu halda, uzunmüddətli artım məhduddur. Azərbaycan nəinki MDB ölkələri arasında liderdir, həm də şübhəsiz, bazarın uzunmüddətli potensialından danışarkən dünyada ən perspektivlilərdən biridir».
O qeyd etdi ki, HVS şirkəti 2012-ci il üçün «Rusiya, MDB və Gürcüstanın mehmanxana bazarları. Tendensiyalar və perspektivlər» adlı hesabat hazırlayıb. Sənədə görə, MDB ölkələrində ÜDM-də turizm sənayesinin ümumi payı 5-8 faiz təşkil etdiyi halda, dünyada orta göstərici 14 faizdir: «Bir çox MDB ölkələrinin iqtisadiyyatı əhəmiyyətli dərəcədə neftdən və emal sənayesindən asılıdır. ÜDM-də turizm sənayesinin payının az olması da buradan irəli gəlir”.
Çıxışçının fikrincə, turistlərin realizə olunan alıcılıq qabiliyyəti də mühüm aspektlərdən biridir: «Rusiyada, Azərbaycanda və Qazaxıstanda turizmdən gələn gəlirlərin böyük bir hissəsi (65-77 faiz) daxili sərnişin axını ilə bağlıdır. Ukraynada bu göstərici yarıbayarıdır: daxili gəlirlərin 47 faizi və xarici gəlirlərin 53 faizi”.
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov ali təhsil ocağında kadr hazırlığı, tədris prosesi, institutun xarici əlaqələri barədə tədbir iştirakçılarına məlumat verdi. Bildirdi ki, konfrans MDB-də turizm və mehmanxana sektorlarının inkişaf strategiyalarına dair fikir mübadiləsi aparmaq üçün əla platforma verəcək.
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov isə məruzəsində ölkəmizdə mehmanxana biznesinin inkişafında sahibkarlara yaradılan müsbət şəraitdən söz açdı. Bildirdi ki, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu səviyyədə dövlət turizmin inkişafına diqqət və qayğı göstərmir: «Mədəniyyət və Turizm Nazirliyi artıq neçə illərdir ki, beynəlxalq turizm sərgilərində öz hesabına sahə icarəyə götürüb orada hotellərin və turizm şirkətlərinin öz məhsullarını nümayiş etdirməsi üçün şərait yaradır. Problemlər yoxdur demirik. Amma bu problemlərin həlli istiqamətində işlər görülür və müsbət nəticə də var».
Sonra tədbir müxtəlif mövzular üzrə debatlarla davam etdi.
Qeyd edək ki, 1980-ci ildən fəaliyyət göstərən Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatı bu sahə üzrə hər il bir layihə həyata keçirir, beynəlxalq şəbəkədə 32 ofisi var. Qurumun Bakı konfransı sentyabrın 19-da yekunlaşacaq.
Fəxriyyə Abdullayeva