Elmi-praktik konfransda müzakirə olundu

 

Aprelin 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Qara Qarayev zalında “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfransın açılışı keçirildi.

Konfrans 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən təşkil olunmuşdu.

Konfransı açıq elan edən BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə tədbir haqqında məlumat verdi. Dedi ki, Ulu öndərin əziz xatirəsinə həsr olunan konfransda Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafına diqqət və qayğısı ilə bağlı məruzələr dinləniləcək.

Sonra dahi şəxsiyyətin həyatı və görkəmli incəsənət xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olundu.

Konfransda çıxış edən BMA-nın rektoru SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, professor Fərhad Bədəlbəyli bildirdi ki, 1993-cü ildə Heydər Əliyevin respublikanın rəhbərliyinə qayıdışı ilə hər sahədə olduğu kimi, Azərbaycan mədəniyyəti də, sözün həqiqi mənasında, yeni yüksəliş dövrünə qədəm qoyub.

Məruzələrdən öncə iki musiqi nömrəsi təqdim olundu. Gənc bəstəkar, elmi işçi İ.Qismətin “Sən dahisən” odası və T.Cəbrayılovun akademik Zərifə xanım Əliyevaya ithaf olunmuş “Müqəddəslər yaşayırlar” xor əsəri səsləndirildi.

Daha sonra BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə çıxış edərək elmi tədqiqat laboratoriyasının əməkdaşı, tanınmış musiqişünas Ariz Abduləliyevin (1958-2021) vəfatından sonra dərc olunmuş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyətinin inkişafı məsələləri” adlı kitabı haqqında düşüncələrini bölüşdü.

Plenar iclasda çıxış edən Xalq artistləri – BMA-nın Solo oxuma və opera hazırlığı kafedrasının müdiri professor Xuraman Qasımova, professor, baş elmi işçi Ramiz Quliyev Ulu öndər haqqında unudulmaz xatirələri diqqətə çatdırdılar. Hər iki sənətkar haqqında Ümummilli liderin söylədiyi fikirlərin yer aldığı videoçarxlar nümayiş etdirildi.

BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Xalq artisti, professor Yeganə Axundovanın, Tarix-nəzəriyyə fakültəsinin dekanı sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudovanın, Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovanın, Xalq artisti, dosent Zümrüd Məmmədovanın, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev və digər müəllim və tələbələrin məruzələri dinlənildi.
Sonda bütün iştirakçılara sertifikatlar təqdim edildi.

Mehparə Rzayeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent