Olaylar, faktlar (28 aprel – 1 may)

 

316 il əvvəl...

 

1 may 1707-ci ildə Şotlandiya ilə İngiltərənin birləşməsinə dair “İttifaq aktı” bağlanıb. İngiltərə XIII əsrdən Şotlandiyanı özünə birləşdirmək üçün müharibələr aparırdı. XVII əsrdə İngiltərə taxt-tacında şotland əsilli Stüartların əyləşməsindən sonra birləşmə mümkün oldu.

 

234 il əvvəl...

 

30 aprel 1789-cu ildə ABŞ-da prezidentlik institutu fəaliyyətə başlayıb, 1-ci prezident Corc Vaşinqtonun inauqurasiya mərasimi keçirilib. O vaxt ABŞ-nin paytaxtı Nyu-York şəhəri idi və prezidentin iqamətgahı burada yerləşirdi.

 

134 il əvvəl...

 

1 may 1889-cu ildə Parisdə II İnternasionalın konqresində 1 mayın “Dünya zəhmətkeşlərinin həmrəyliyi günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Qərar 1886-cı ilin mayında ABŞ-nin Çikaqo şəhərində 8 saatlıq iş günü tələbi ilə etiraz aksiyası keçirən və buna görə güllələnən fəhlələrin xatirəsinə həsr olunmuşdu.

 

105 il əvvəl...

 

29 aprel 1918-ci ildə erməni-daşnak dəstələri Gümrü şəhəri yaxınlığında azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törədiblər. Yüzlərlə insan qətlə yetirilib.

1 may 1918-ci ildə “Bakı Komissarları Soveti”nin qoşunları Qubaya hücum edib. Amazaspın başçılıq etdiyi dəstələr qırğınlara başlayıb. Quba bölgəsində ümumilikdə 3 minədək insan qətlə yetirilib.

 

103 il əvvəl...

 

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut edib, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan olunub. Bir gün öncə bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olmuş, Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Cümhuriyyət Parlamentinə ultimatum vermişdi. Parlament gərgin müzakirələrdən sonra ultimatumu qəbul etmişdi. Ölkədə formal hakimiyyət azərbaycanlı kommunistlərdən ibarət Müvəqqəti İnqilab Komitəsinə (sədr – Nəriman Nərimanov) verilib.

 

100 il əvvəl...

 

28 aprel 1923-cü ildə Bakıda Azərbaycan Foto-Kino İdarəsinin nəzdində 1-ci Dövlət kinofabrikinin (indiki “Azərbaycanfilm” kinostudiyası) rəsmi açılışı keçirilib. Sonrakı illərdə kinostudiya müxtəlif adlar altında (Azdövlətkino, Azərkino, Azərfilm, Bakı kinostudiyası) fəaliyyət göstərib, 1960-cı ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adlanır.

 

78 il əvvəl...

 

30 aprel 1945-ci ildə İkinci Dünya müharibəsində Berlində faşist Almaniyasına qarşı son döyüş – Reyxstaqa hücum başlayıb. Adolf Hitler bir gün öncə rəsmi nikaha girdiyi Yeva Braunla intihar edib və iflas etmiş Almaniyanın idarəçiliyini admiral Karl Dönitzin başçılığı ilə müvəqqəti hökumətə vəsiyyət edib.

 

59 il əvvəl...

 

1 may 1964-cü ildə Türkiyədə qəbul olunan xüsusi qanunla dövlət radio və televiziya qurumu – TRT yaradılıb. Ölkənin ayrı-ayrı şəhərlərində radio yayımı 20-ci illərin sonu – 30-cu illərdə başlamışdı. 1965-ci ildən TRT bütün ölkəni əhatə edən proqramlı yayıma keçib. 1968-ci ildə TRT-nin televiziya yayımı başlanıb. 1986-cı ilədək TRT 1 ölkənin yeganə telekanalı olub.

 

48 il əvvəl...

 

30 aprel 1975-ci ildə Cənubi Vyetnam Amerika işğalından qurtulub və ölkənin şimalı ilə birləşib. 1965-ci ildə ABŞ Cənubi Vyetnama hərbi kontingent yeritmişdi. 1973-cü ildə Amerika qoşunlarının ölkədən çıxarılması barədə Parisdə müqavilə imzalandı. 1975-ci ilin aprelində ABŞ-nin sonuncu hərbi dəstəsi Cənubi Vyetnamı tərk etdi. 30 aprel Vyetnamda dövlət bayramı – Qələbə günü kimi qeyd olunur.

Hazırladı: V.Orxan