Heydər Əliyev Mərkəzində Salvador Dalinin əsərləri sərgilənir

 

Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsr incəsənətinin ən məşhur simalarından biri – ispaniyalı rəssam, sürrealist rəngkar, qrafik, heykəltəraş, rejissor Salvador Dalinin (1904-1989) əsərlərindən ibarət “Sürrealizm mənəm” adlı sərgi açılıb.

Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunan əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri, eləcə də “canlı kətan”ları xatırladan multimedia yer alıb. Heydər Əliyev Mərkəzində nümayiş olunan əsərlər dünyada Salvador Dalinin işlərindən ibarət ən böyük kolleksiyalardan biridir. Unikal layihə ziyarətçiləri rəssamın dünyasına aparır. Həmin obrazların “canlandığı” multimedia zonası Salvador Dali dünyasını daha dərindən hiss etdirir.

Sərgi “Synergy Partnership” şirkəti və Rusiyanın “PS Gallery” qalereyasının təşəbbüsü ilə keçirilir.

Açılış mərasimində “Synergy Partnership”in direktoru Rüfət Abbasov bildirib ki, XXI əsrin ən möhtəşəm memarlıq nümunələrindən olan Heydər Əliyev Mərkəzində ötən əsrin dahi rəssamı Salvador Dalinin sərgisinin təşkili əlamətdar mədəni layihədir: “Salvador Dali bir çox insanın incəsənətə baxışını dəyişən sürrealizm hərəkatının parlaq nümayəndəsidir. Əminik ki, burada nümayiş olunan əsərlər ziyarətçiləri Salvador Dalinin daxili dünyasına səyahət etməyə imkan verəcək”.

Bakının hər zaman ən mühüm mədəniyyət mərkəzlərindən biri olduğunu söyləyən “PS Gallery”nin təsisçisi, kolleksiyaçı Pavel Başmakov deyib: “Burada mədəniyyəti şaxələndirən, onu ucalara qaldıran, öz şəhərinin şan-şöhrətini tərənnüm edən bir çox şəxsiyyətlər yaşayıb. Dahi ispan sürrealist-rəssam Salvador Daliyə ithaf olunmuş sərginin məhz Bakı şəhərində açılışını etməkdən olduqca məmnunam. Bu il Heydər Əliyevin 100 illiyi qeyd olunur. Bu, bizim belə bir əlamətdar ildə Azərbaycan xalqına hədiyyəmizdir”.

Sərginin əlamətdar hissəsindən biri də şüşədən hazırlanan sürrealist obyektlərin və rəssamın fotolarının nümayişidir. Dalinin fırçasından çıxan hər bir əsər təkcə qrafika sənətinin şah əsəri, yeniliyin təzahürü və təkrarolunmaz müəllif yanaşması deyil, həm də bütöv bir hekayədir.

Qeyd edək ki, vaxtilə Salvador Dali İtaliya hökumətindən Dante Aligyerinin məşhur “İlahi komediya”sına illüstrasiyalar üçün sifariş almışdı. İtalyan şairin əsərinə illüstrasiyanın ispaniyalı rəssam tərəfindən qələmə alınacağından xəbər tutan İtaliya cəmiyyəti buna etiraz etdiyindən sifariş sonradan ləğv olunmuşdu. Lakin uşaqlıqdan Dante əsərlərinin vurğunu olan Dali işini dayandırmır. Həmin iş 10 il ərzində davam edir və bu müddətdə rəssam 3500 nümunə yaradır, bu isə öz növbəsində qeyri-adi rəsm effektinə nail olmağa imkan verir.

Unikal istedada malik Salvador Dalinin dünyaya baxışı fərqli olub, məkan, forma və rənglə eksperimentləri sevib. Dalinin yaratdığı əsərlər surrealizm üslubundadır, rəssam incəsənətin bu istiqamətinin ən məşhur simalarından biridir. Onun dünyanın ən böyük muzeylərində saxlanılan əsərləri sürrealizmin klassikası sayılır.

Heydər Əliyev Mərkəzində “Sürrealizm mənəm” sərgisi oktyabrın 8-dək davam edəcək.