Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın (1923-1985) anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir.
Zərdab rayon Heydər Əliyev Mərkəzi, Həsən bəy Zərdabinin Ev-Muzeyi və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Akademik Zərifə xanım Əliyeva fədakar insan, əsl Azərbaycan qadını kimi” başlıqlı tədbir keçirilib. Tədbirdə Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən “Tarix yazan oftalmoloq” başlıqlı sərgi və film nümayiş olunub.
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Nurdan yaranıb nura qovuşan insan” adlı tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi yer tutur. Görkəmli alimin araşdırmaları təkcə öz dövründə deyil, bu gün də öz aktuallığını qoruyub saxlayır. Sonda mərkəzin əməkdaşları tərəfindən hazırlanmış “Zərif ana” adlı videoçarx nümayiş etdirilib.
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Gözündən nur verən həkim” mövzusunda tədbir keçirilib. Tədbirdə Şəki RMİ-nin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Aqaəli Cəlilov və mədəniyyət işçiləri iştirak ediblər.
Tovuz rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Zərifə Əliyeva – şəfqətli əllərin sahibi” mövzusunda tədbir keçirilib. Çıxışlarda qeyd edilib ki, Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.
Nurəddin