Dövlət Xidməti Şamaxıda görüş keçirib

 

Şamaxı Rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə aprelin 26-da “Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” mövzusunda görüş keçirilib.

Daşınmaz tarix-mədəniyyət abidələrinin mühafizəsi, bu sahədə maarifləndirmə işinin təşkili, abidələrin qorunmasına ictimaiyyətin diqqətinin artırılması məqsədilə keçirilən görüşdə bələdiyyə sədrləri, təhsil müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

İcra başçısı Tahir Məmmədov Şamaxı rayonu ərazisində yerləşən abidələrin mühafizəsi, bərpa və konservasiyası istiqamətində görülən işlərlə bağlı geniş məlumat verib. Qeyd edib ki, son illər bu sahədə həyata keçirilən tədbirlər rayonun tarixi simasının qorunmasına xidmət edir.

Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva zəngin tarixi irsi olan Şamaxı rayonunda yerləşən abidələrin mühafizəsi işinin gücləndirilməsinin vacibliyini qeyd edib. Tarixi irsin qorunması, bərpa-konservasiyası və bu sahədə ictimaiyyətin maarifləndirilməsi ilə bağlı aidiyyəti bütün dövlət orqanları, o cümlədən icra hakimiyyətləri ilə birgə fəaliyyətin qurulacağı diqqətə çatdırılıb.

Görüşdə mədəni irsin mühafizəsində dövlət qurumlarının və vətəndaşların rolu və məsuliyyəti, mövcud problemlər və həlli yolları müzakirə olunub.

Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətləri, abidələrin qorunması, bərpa və konservasiyasında dövlət siyasəti və Şamaxı rayonunda yerləşən mədəni irs nümunələrinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimat edilib. Tədbir iştirakçılarının sualları cavablandırılıb.

Toplantıdan sonra Şamaxı rayonunda yerləşən “Pir Ömər Avaxıl” ziyarətgahı, Şahxəndan türbəsi, “Yeddi günbəz” və “Kələxana” türbə komplekslərinə baxış keçirilib. Rayon ərazisində yerləşən abidələrin bərpa və konservasiyası, eləcə də turizm məqsədləri ilə istifadəsi istiqamətində atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.