Gəncə şəhəri Atatürk prospekti 531 ünvanında yerləşən 3800 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə qanunsuz müdaxilə faktı qeydə alınıb.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən xəbərə görə, baxış keçirilən zaman abidənin üzərində quraşdırılmış məlumat lövhəsi və binanın damörtüyünün söküldüyü müəyyən edilib. Aparılan qanunsuz təmir işləri Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən dayandırılıb.
Dövlət Xidməti bir daha mülkiyyətində və ya istifadəsində tarix və mədəniyyət abidələri olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.