Milli Kitabxanada MKS-lər üçün treninqlər təşkil edilib

 

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 26-29 aprel tarixlərində nazirliyin tabeliyində olan kitabxanalarda “Koha” Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin (AKİS) tətbiqi ilə bağlı treninqlər keçirilir.

Aprelin 26-da Milli Kitabxanada treninqin açılış mərasimi olub. Milli Kitabxananın direktoru professor Kərim Tahirov qeyd edib ki, Mədəniyyət Nazirliyinin əmri ilə mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) yeni avtomatlaşdırılmış idarəetmə sisteminə keçir. Bu prosesin həyata keçirilməsi 3 mərhələdə nəzərdə tutulur: elektron kataloqun yaradılması; elektron kitabxananın yaradılması; audiokitab bazasının yaradılması.

Milli Kitabxanada Türkiyədən gələn mütəxəssislərin iştirakı ilə treninqlər keçirilir. Treninqlərə bu mərhələdə Bakı şəhəri üzrə, eləcə də Gəncə, Qax, Ağdaş, Quba MKS-lərin əməkdaşları cəlb olunub.

Açılış zamanı “Koha” AKİS haqqında müzakirələr olub, sistemin üstünlükləri haqqında fikirlər söylənilib. Treninqdə kitabxana əməkdaşlarına təcrübi məşğələlər və təlimlər keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan Milli Kitabxanasının bir qrup mütəxəssisi Türkiyə Mədəniyyət və Turizm Nazirliyi kitabxanalarının təcrübəsini öyrənmək və müvafiq treninqlərdə iştirak etmək üçün Ankarada olub. Türkiyə Milli Kitabxanasında “Koha” AKİS ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının mütəxəssislərinə təcrübi məşğələlər keçirilib.

Bundan öncə isə, 2021-ci ilin iyulunda Mədəniyyət Nazirliyində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi üzrə əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüşdə “Koha” sisteminin öyrənilməsi və ölkəmizdə tətbiqi imkanları müzakirə edilib.

“Koha” beynəlxalq miqyasda qəbul edilmiş avtomatlaşdırılmış kitabxana informasiya sistemidir. İlk dəfə 2000-ci ildə “Katipo Communications” tərəfindən Yeni Zelandiyada   tətbiq olunub. “Koha” Yeni Zelandiyada aborigenlərin danışdığı maori dilində bəxşiş, ərməğan, töhfə mənası verir.