Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Fransanın paytaxtı Parisdə «Top Resa-2012» beynəlxalq turizm sərgisi öz işinə başlayıb. Ölkəmiz sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ilə təmsil olunur.
Nümayəndə heyətinə nazirliyin Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, mətbuat katibi Zöhrə Əliyeva, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev, AzTV-nin 2 əməkdaşı, «Geo-travel», «Millennium Tourism & Congress DMC», «Gilan tourism», «Qallery travel», «SW travel» və AZAL-ın nümayəndələri, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfər üzvü daxildir.
“Millennium Tourism”in direktoru Ruslan Quliyevin qəzetimizə verdiyi məlumata görə, sentyabrın 18-də Parisin «Port de Versay» sərgi salonunda keçirilən açılış mərasimində Fransanın turizm qurumlarının rəhbərləri iştirak edib. Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları ölkəmizin stendini ziyarət edib, təmsilçilərə uğurlar arzulayıblar.
«Top Resa-2012» sərgisində dünyanın 100-ə yaxın ölkəsindən turizm fəaliyyəti ilə məşğul olan çoxsaylı şirkətlər iştirak edir. Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 72 kvadratmetr lövhə icarəyə götürülüb: “Builki stendimiz ötən ilkindən həm tərtibatına, həm də keyfiyyətinə görə fərqlənir. Stendimizi ziyarət edən insanlara fransız və ingilis dillərində ölkəmizə dair müxtəlif bukletlər, tarix və mədəniyyətimizi, abidələrimizi, gözəl təbiətimizi əks etdirən broşürlər və digər əyani vəsaitlər təqdim edilir. Gün ərzində bir neçə dəfə Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri çıxış edirlər. Bütün bunlar sərgiyə gələnlərdə böyük maraq doğurur. Ümumiyyətlə, budəfəki sərgidə Azərbaycanın stendinə daha geniş diqqət müşahidə edilir”.
Bir neçə xarici şirkətlə əməkdaşlıqla bağlı danışıqlar apardıqlarını deyən R.Quliyev bildirdi ki, beynəlxalq turizm sərgilərində iştirak onlara bu baxımdan böyük imkanlar yaradır: «2009-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 4-cü dəfədir ki, yerli turizm şirkətləri «Top Resa» beynəlxalq turizm sərgisində iştirak edir. Ötən il bu sərgidə ölkəmizlə yanaşı 84 ölkədən 1150-yə yaxın şirkət iştirak edirdi. Hər dəfə turizm fəaliyyəti ilə məşğul olan bu qədər şirkətlə təmasda olmaq bizə böyük üstünlüklər yaradır. Bundan əlavə, yerli kütləvi informasiya vasitələri stendimizdən reportajlar hazırlayır, təmsilçilərimizdən müsahibələr alırlar. Bunun özü də reklama xidmət edir. Ümumiyyətlə, hesab edirəm ki, belə tədbirlərdə təmsil olunmaq həm ölkəmizin turizm imkanlarının tanıdılması, həm də Azərbaycana çoxsaylı turist cəlbi üçün çox güclü təbliğat vasitəsidir».
Qeyd edək ki, «Top Resa-2012» sərgisi sentyabrın 21-də işini yekunlaşdıracaq.
Fəxriyyə Abdullayeva