«JW Marriott Absheron Baku» hotelində Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatının (HVS) təşkilatçılığı ilə keçirilən MDB ölkələri və Gürcüstan üzrə birinci mehmanxana investisiya konfransı (İCON-2012) sentyabrın 19-da başa çatdı.
   
   Tədbirin ikinci günündə «Paytaxt şəhərlərdən kənar yerlərin imkanları», «Bankirlər - açıq söhbət», «Hotel avtomatlaşmasının hüquqi aspektləri», «Baş menecerlərlə söhbət» mövzularında plenar iclaslar oldu, mütəxəssislər tərəfindən müzakirələr aparıldı. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə keçirilən tədbirin məqsədi regionda qonaqpərvərlik sektoru və investisiya mühitinin inkişafına nail olmaqdır.
   Tədbirlə bağlı fikirlərini qəzetimizlə bölüşən AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, postsovet məkanı üzrə belə bir konfransın ilk dəfə Bakıda keçirilməsi bizim üçün çox önəmlidir: «Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatı 1980-ci ildən fəaliyyət göstərir. Son illər qurum MDB ölkələrinin bu sahədə yüksək nailiyyət qazanmasına yardım edir. HVS-nin beynəlxalq şəbəkəsində 32 ofisi mövcuddur. İCON beynəlxalq investor və operatorları, nüfuzlu regional ekspertləri, eyni zamanda, MDB ölkələrində və Gürcüstanda qonaqpərvərlik sahəsində tanınmış şirkətləri birləşdirir. Belə bir nüfuzlu toplantının Azərbaycanda keçirilməsi gələcəkdə ölkəmizdə hotel biznesinə qoyulan investisiyaların artımına müsbət təsir edəcək. Tədbirdə dünyanın müxtəlif hotellərində yüksək səviyyəli qonaqpərvərlik sahəsində çalışan mütəxəssislər, beynəlxalq şəbəkə sisteminə daxil olan mehmanxanaların baş menecerləri iştirak edirdilər. Konfransda əsasən hotel biznesi və qonaqpərvərlik sənayesinə qoyulan investisiyaların Azərbaycanda, digər keçmiş sovet ölkələrində nə dərəcədə effektli olması araşdırıldı».
   Mütəxəssis bildirdi ki, hazırda Azərbaycanda turizm üzrə sərmayələrin Bakıda və regionlarda iki və üç ulduzlu hotellərin tikintisinə qoyulması çox effektli olardı. Bundan əlavə, Quba-Qusar zonasında şəbəkə sisteminə daxil olan 2 və 3 ulduzlu hotellərin tikilməsinə böyük ehtiyac var: “Çünki hələlik regionlarda aşağı ulduzlu hotellərə daha çox tələbat var”.
   AZTA sədrinin müşaviri onu da qeyd etdi ki, Sumqayıtda mehmanxana sahəsinə investisiya qoyuluşu çox məqsədəuyğun olardı. Çünki Xəzər dənizinin sahilində yerləşən bu şəhərin böyük turizm potensialı var. Bakıda keçirilən müxtəlif beynəlxalq tədbirlər zamanı ölkəmizə gələn qonaqların bir qismini orada yerləşdirmək mümkündür.
   M.Ağakərimov deyir ki, hotel biznesinin inkişafı ilə əlaqədar olaraq təbii ki, kadr hazırlığına da önəm verilməlidir: «Hazırda Azərbaycanda Turizm İnstitutu, Mingəçevir Turizm Kolleci, Bakı Turizm Peşə Məktəbi kadr hazırlığını yüksək səviyyədə aparır. Bununla belə, turizm üzrə daha çox kadra ehtiyac var. Günü-gündən sayı artan hotellərdə yerli kadrların tədricən daha yüksək vəzifələrdə təmsil edilməsi arzuolunandır. Yüksək səviyyəli, peşəkar kadrlardan istifadə etmək lazımdır”.

   Fəxriyyə Abdullayeva