Azərbaycan
3 may 1857 – Yazıçı, tərcüməçi, teatrşünas Əsgər ağa Haqverdi bəy oğlu Gorani (Adıgözəlov; 1857-1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10-da milli peşəkar teatrın əsasını qoyan “Lənkəran xanının vəziri” tamaşasında baş rolu (Teymur ağa) oynayıb. “Qara yel” romanının müəllifidir.
3 may 1938 – Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 – 23.4.2008) Bakıda doğulub. Akademik Dram Teatrında çalışıb. “Atayevlər ailəsi”, “Alov” teletamaşalarında, “Dağlarda döyüş”, “Nəsimi” və s. filmlərdə yaddaqalan rollar oynayıb.
3 may 1940 – Xalq artisti, rejissor Zülfüqar Qulu oğlu Abbasov (1940 – 1.4.2022) Gürcüstanda, Borçalı bölgəsinin Yuxarı Saral kəndində anadan olub. Qazax Dram Teatrında işləyib, Mingəçevir Dram Teatrının baş rejissoru və direktoru olub.
4 may 1920 – Aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb.
4 may 1931 – Əməkdar incəsənət xadimi, rəssam Ağarəhim Cəbrayıl oğlu Əliyev (1931 – 24.11.2009) anadan olub. Sənədli və bədii filmlərin quruluşçu rəssamı olub, teatr tamaşalarına səhnə tərtibatı verib.
4 may 1934 – Opera və Balet Teatrında Reynqold Qliyerin “Şahsənəm” operasının ilk tamaşası (Şahsənəm rolunda Şövkət Məmmədova) olub.
5 may 1856 – Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatın banisi Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə Məlikova-Abayeva (1856-1929) Şimali Qafqazın Nalçik şəhərində anadan olub. 1901-ci ildə Bakıda H.Z.Tağıyevin himayəsi altında fəaliyyətə başlayan Müsəlman qızlar məktəbinin direktoru olub.
5 may 1866 – Yazıçı-dramaturq Eynəli bəy Çölübəy oğlu Sultanov (1866-1935) Naxçıvanda doğulub. Naxçıvanda “Müsəlman incəsənəti və dram cəmiyyəti” yaradıcılarından olub. 1883-cü ildə cəmiyyət Naxçıvanda ilk teatr tamaşasını (“Müsyö Jordan və dərviş Məstəli şah”) səhnəyə qoyub.
5 may 1892 – İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə; 1892 – 13.10.1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Dövlət himnimizin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. V.Şekspirin “Otello”, “Romeo və Cülyetta” pyeslərini dilimizə çevirib. Repressiya qurbanıdır.
5 may 1894 – Əməkdar artist Əhməd Anatollu (Əhməd Muxtar oğlu Səfərov; 1894 – 7.4.1973) Bakıda doğulub. Akademik Dram, Musiqili Komediya teatrlarının aktyoru olub.
5 may 1899 – Əməkdar incəsənət xadimi, rəssam, qrafik Əmir Səhliəli oğlu Hacıyev (1899-1972) Şuşada anadan olub. Azərbaycan yazıçılarının bir çox əsərlərinə illüstrasiyalar çəkib.
5 may 1905 – Tanınmış ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov; 1905 – 18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.
5 may 1908 – İlk azərbaycanlı qadın rejissor Qəmər Əliqulu qızı Salamzadə (1908-1994) anadan olub. Şair Əliqulu Qəmküsarın qızıdır. “Səbuhi” (1941) filminin rejissor assistenti olub.
5 may 1909 – Yazıçı, tərcüməçi, jurnalist Məmməd Əkbər (Məhəmməd Həmzə oğlu Əkbərov; 1909-1974) Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində doğulub.
5 may 1910 – SSRİ Xalq artisti, rejissor, aktyor Ədil Rza oğlu İsgəndərov (1910 – 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Uzaq sahillərdə”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
5 may 1918 – Əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas alim, Mirəli Seyidov (1918 – 26.4.1992) İrəvanda doğulub. “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, “Azərbaycan xalqının soykökünü düşünərkən” və s. kitabların müəllifidir.
5 may 1920 – Rəssam, Əməkdar incəsənət xadimi Əbdülxalıq (Əbdülxalıq Əbdüləli oğlu Rzaquliyev; 1920 – 30.9.1988) Bakıda anadan olub.
5 may 1920 – Şərqşünas, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Şamil Allahverdi oğlu Cəmşidov (1920 – 8.12.2008) Ağcabədi rayonunda anadan olub.
5 may 1922 – Xalq artisti Ələddin Aslan oğlu Abbasov (1922 – 13.7.2014) Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dövlət Dram Teatrında çalışıb. “Dəli Kür”, “Qatır Məmməd”, “Nizami”, “Qətl günü” və s. filmlərdə çəkilib.
5 may 1927 – Əməkdar incəsənət xadimi, qrafik-rəssam Bəyim Əzizbala qızı Hacızadə (1927-2017) Bakıda doğulub. Müxtəlif mövzularda linoqravüralar, “Xocalı” və s. əsərlərin müəllifidir.
5 may 1928 – Bakıda Azərbaycan aşıqlarının I qurultayı keçirilib.
5 may 1930 – Xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 – 5.7.2002) Ağcabədi rayonunda doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
5 may 1930 – Tanınmış xanəndə Nəriman Mövsüm oğlu Əliyev (1930 – 28.4.1998) Bakıda doğulub. Bir çox məşhur muğam ifaçılarının ustad-müəllimi olub.
5 may 1940 – Yazıçı-publisist, Əməkdar jurnalist Yusif Abbas oğlu Kərimov (1940-2018) Bərdədə anadan olub. Kitabları: “İtkilər və ümidlər”, “Qarabağ şikəstəsi”, “İşğal vadisi” və s.
5 may 1940 – Şair, ədəbiyyatşünas Ağa Laçınlı (Ağa Əliqəmə oğlu Əliyev; 1940 - 25.11.2007) Laçın rayonunun Oğuldərə kəndində anadan olub.
5 may 2021 – Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Göyüş oğlu Qoca (25.8.1935 – 2021) vəfat edib. “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər”, “Oddan keçənlər” və s. poemaların müəllifidir. Şeirlərinə populyar mahnılar bəstələnib. Yazıçılar Birliyinin birinci katibi olub.
Dünya
3 may 1910 – Rus şairi, yazıçı Olqa Berqols (1910-1975) anadan olub. 1941-1945-ci illər müharibəsində blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.
4 may 1929 – İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston; 1929-1993) anadan olub. Filmləri: “Roma tətilləri” (şahzadə Anna), “Hərb və sülh” (Nataşa Rostova) və s.
5 may 1846 – Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub. Əsərləri: “Quo vadis” (“Hara gedirsən?”), “Girdab”, “Polonetskilər ailəsi” və s.
Hazırladı: V.Orxan