Nahid Bağırov: “Turistlər üçün qiymətdən daha çox yüksək xidmət şərtləri maraqlıdır”
Azərbaycanda turizm mövsümü yekunlaşmaq üzrədir. Rəsmi məlumatlara əsasən, bu il ölkəmizə gələn turistlərin sayında 5-6 faiz artım müşahidə olunub. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bizimlə söhbətində bu barədə fikirlərini bölüşdü, eyni zamanda hotellər və turizm şirkətləri ilə münasibətlərə toxundu.
- Ötən ilə nisbətən bu il Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunub. Bunu ölkəmizdən xaricə istirahətə gedənlərin sayı haqqında da demək olar. 2011-ci ildə Azərbaycandan Türkiyənin bölgələrinə, o cümlədən Antalyaya, Bodruma birbaşa reyslər vardı. Bu il isə Xorvatiya, Gürcüstan da bu sıraya daxil edilmişdi.
- Bu il Azərbaycana əsasən hansı istiqamətlərdən turist axını oldu?
- Əlbəttə ki, Türkiyədən və MDB ölkələrindən daha çox turist qəbul edirik. Amma Avropa ölkələri də istisna deyil. Turist qəbul etdiyimiz ölkələrin sırası getdikcə genişlənir. Bunun da başlıca səbəbi ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlər və Azərbaycanın turizm imkanlarının tanıdılması istiqamətində aparılan işdir.
- Ölkəmizə gələn qonaqlar daha çox hansı bölgələrdə istirahətə üstünlük verirlər?
- Xarici turistlər Şəki, Qəbələ, İsmayıllı rayonlarına, cənub bölgəsindən Lənkərana, Masallıya getməyə daha çox maraq göstərirlər. Bu il maraqlı bir hal da müşahidə olunub. Bildiyiniz kimi, Nabran bölgəsi çimərlik turizmi həvəskarlarının ən çox maraq göstərdiyi yerdir. Amma bu il Nabrana gedən turistlərin sayında bir qədər azalma müşahidə edilib. Bunun da başlıca səbəbi Bakı və Abşeron ərazisində dəniz kənarında yüksək səviyyəli istirahət mərkəzlərinin fəaliyyətə başlamasıdır. Məsələn, bu il Bilgəhdə «Jumeirah Bilgah Beach Hotel»i istifadəyə verilib. Qiymətlər nisbətən yüksək olsa da, bir çox turistlər istirahət üçün buranı seçirlər. Çünki insanlar indi xidmət səviyyəsinə daha çox önəm verirlər. Onlar üçün qiymətdən daha çox yüksək xidmət şərtləri maraqlıdır. Turistlərə əyləncə lazımdır. Onlar istədiklərini harda tapırlarsa, oranı da seçirlər. Ona görə də Nabrandakı istirahət mərkəzləri bunu nəzərə alaraq xidmət səviyyələrini bir qədər də artırmalıdırlar. Bu, bazar iqtisadiyyatının tələbidir. Rəqabət artdıqca, keyfiyyət də yüksəlir. Kimin təklif etdiyi xidmət dünya standartlarına cavab verirsə, turistlər də ora daha çox maraq göstərirlər.
- Azərbaycan Turizm Assosiasiyası yeni yarananda hotellərin və turizm şirkətlərinin bu quruma üzv olması ilə bağlı problemlər mövcud idi. Onlar, belə demək mümkünsə, quruma o qədər də güvənmirdilər. Hazırda vəziyyət necədir, üzvlərinizin sayı artırmı?
- Assosiasiyanın üzvlərinin sayı artır. Yeni yaradılan bütün hotellər AZTA-ya üzv olublar. Çünki əlaqələr qurmaq, müştəri cəlb etmək üçün mütləq bizim quruma üzv olmaq lazımdır. Turizm şirkətləri olmadan hotellər özlərinə necə müştəri cəlb edə bilərlər? Əlaqələr yaratmadan fəaliyyət göstərmək mümkün deyil. Biz də öz növbəmizdə üzvlərimizin müştəri cəlb edə bilməsi, əlaqələr yaratması üçün müxtəlif layihələr həyata keçiririk. Bu yaxınlarda AZTA tərəfindən Moskvanın aparıcı şirkət rəhbərlərinin Azərbaycana infoturu təşkil edildi. Onlar ölkəmizin turizm imkanları ilə, aparıcı turizm şirkətləri, hotellərlə tanış oldular. Türkiyə turizminin 50-60 faizi Rusiyadan turist axınına bağlıdır. Biz də potensial müştərilərimizi qonşu ölkələrdə, o cümlədən Rusiyada axtarmalıyıq. Bu ölkənin müvafiq turizm qurumları, şirkətləri ilə sıx əlaqə qurmalıyıq. Rusiyalı turistlər ildə bir neçə dəfə xaricə istirahətə gedirlər. Eyni yerlərə səyahət etməkdən isə yorulublar. Onlar yeni istiqamətlər axtarırlar. Bu baxımdan bu infoturun əhəmiyyəti böyükdür. Bundan əlavə, yaxın günlərdə Moskvada Azərbaycan bazarını təmsil edən hotellərin və turizm şirkətlərinin nümayəndələri ilə Rusiya turoperatorlarının işgüzar görüşlərini təşkil edəcəyik. Bundan sonra belə görüşləri Qazaxıstanın Almatı şəhərində, Kiyevdə və s. keçirməyi planlaşdırırıq. Çalışacağıq ki, bizə yaxın ölkələrlə münasibətlərimizi daha da yaxınlaşdıraq.
- Azərbaycan hotelləri turizm şirkətləri ilə işləmək ənənəsini yarada biliblərmi? Bir neçə il əvvəl bu nüans ölkəmizin turizm sektorunda ən çox müzakirə olunan məsələlərdən biri idi...
- Əvvəlki illərlə müqayisədə demək olar ki, bu problem öz həllini bir qədər tapıb. Biz dəfələrlə mehmanxanaların və turizm şirkətlərinin nümayəndələrinin görüşlərini təşkil etmişik. Əslində hotellər ən ucuz qiyməti turizm şirkətlərinə təklif etməlidir. Bizdə isə əksinə idi. Mehmanxanalar ucuz qiymətləri başqa qurumlara verirdilər. Turizm şirkətləri mehmanxanaların daimi müştəriləridir, onların xidmətlərinin tanıdılmasında başlıca rol oynayırlar. Onlar bir zəncirin halqalarıdır. Biri olmasa, digəri fəaliyyət göstərə bilməz. Nəhayət, Azərbaycandakı hotellər də bu reallığı qəbul ediblər. Hazırda onların arasında real bazar münasibətləri mövcuddur. Buna hotellərin və turizm şirkətlərinin bir qurumda - AZTA-da birləşməsi də çox kömək etdi.
- Bu yaxınlarda AZTA Amerika Qonaqpərvərlik Tədrisi İnstitutu ilə birgə maraqlı bir layihə həyata keçirdi. Bu layihənin davamı olacaqmı?
- AZTA-nın dəvəti ilə ötən il Amerika Qonaqpərvərlik Tədrisi İnstitutunun (American Hotel and Lodging Educational Institute - AHLEI) bir qrup əməkdaşı Azərbaycanda fəaliyyət göstərən hotellərdə xidmətin keyfiyyətinin artırılması məqsədilə müxtəlif istiqamətlərdə treninqlər keçdilər. Biz sözügedən institutla əməkdaşlıq müqaviləsi imzalamışdıq. Müqavilənin şərtlərinə əsasən, Amerikadan və Avropadan dəvət edilən müəllimlər Bakı şəhərində, eyni zamanda bölgələrdə yerləşən hotellərin rəhbərliyinə daxil olan şəxslər üçün seminarlar keçdilər. Biz bu istiqamətdə əməkdaşlığa ötən ilin sonlarından başlamışıq. Bu treninqlərin dinləyiciləri artıq müəllim kimi digər hotel əməkdaşları üçün kurslar keçmək imkanındadırlar. Onların seminarlarına təkcə hotel əməkdaşları yox, həm də hotel biznesi sahəsində çalışmaq istəyən vətəndaşlarımız da qatıla bilərlər. Bir məqamı da qeyd edim ki, Amerika Qonaqpərvərlik Tədrisi İnstitutunun mütəxəssislərinin təcrübəsindən dünyanın əksər ölkələrində yararlanırlar.
Hesab edirəm ki, ölkəmizin mövcud turizm potensialı və dövlətin bu sahədə apardığı məqsədyönlü siyasət bizə imkan verəcək ki, yaxın illərdə Azərbaycanı maraqlı və yeni bir turizm istiqaməti kimi dünyada tanıdaq.
Fəxriyyə Abdullayeva