Ölkəmizdə turizm sektorunun dinamik inkişafı yüksək ixtisaslı kadr hazırlığından birbaşa asılıdır. 
   Məhz buna görə Azərbaycan Turizm İnstitutu (ATİ) yarandığı gündən təhsil-təcrübə-təlim-tədqiqat modelinin konkret şəraitdə gerçəkləşməsinə böyük önəm verir. ATİ-nin tələbə və əməkdaşları mütəmadi olaraq beynəlxalq proqramlarda fəal iştirak edirlər.
   ATİ-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Şəhla Əhmədovanın sözlərinə görə, ali təhsil ocağında beynəlxalq səviyyəli peşəkar kadr hazırlığına 2007-ci ildən başlanılıb. İnstitutdan 32 nəfər Yunanıstan, Portuqaliya, İtaliya, Böyük Britaniya, Bolqarıstan, Latviya və Fransada, 1 semestrlik tələbə mübadiləsi üzrə Almaniyanın Yade Universitetində 6 nəfər, o cümlədən 3 nəfər yay dil kursunda təhsil alıb. Hazırda 2 nəfər Avstriyanın Krems Tətbiqi Elmlər Universitetində 1 semestr proqramı üzrə təhsilini davam etdirir.
   ATİ-nin menecment ixtisası üzrə təhsil alan tələbəsi Teymur Əsədov isə Avropa Birliyinin «Erasmus Mundus» proqramı çərçivəsində Latviyanın Rezekne şəhərindəki Ali Təhsil İnstitutunda bakalavr pilləsində 1 il təhsil alıb və doğma instituta qayıdıb: “Latviyanın Ali Təhsil İnstitutunda mühazirə və seminarlar ingilis dilində keçirilir. Amma bu, tələbəmiz üçün çətinlik yaratmayıb. Teymur təhsil müddətində Riqa şəhərində keçirilən «Milli mətbəx» festivalının da iştirakçısı olub, Azərbaycanın milli yeməklərini nümayiş etdirib”.

  Fəxriyyə