Madridin “Mandala Ediciones” nəşriyyatı müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Dövlət Tərcümə Mərkəzinin ispan dilində ərsəyə gətirdiyi “Görkəmli insanların həyatı – Heydər Əliyev” kitabını nəşr edib.
Viktor Andriyanov və Hüseynbala Mirələmovun müəllifi olduqları kitab ilk dəfə 2005-ci ildə rus dilində Moskvada “Molodaya qvardiya” nəşriyyatında işıq üzü görüb.
“Mən Naxçıvanda doğulmuşam…”, “Bura da bir cəbhədir”, “Heydər və Zərifə”, “Bu peşəni yeniyetmə vaxtlarından seçmişəm”, “Respublikanın rəhbəri”, “Sən bütün İttifaqa lazımsan”, “Mən insanam, daşdan, dəmirdən deyiləm”, “Xalqıyla birlikdə olmaq haqqı”, “Doxsan üçüncü”, “Dünya siyasətində Azərbaycan nefti”, “Günəş dənizdən doğur”, “Prezident ili”, “Dünyanın gözündə” adlı on üç fəsildən ibarət kitabın ispan dilinə tərcümə müəllifləri salvadorlu dilçi-alim, professor Sesar Edqardo Martines Flores və Dövlət Tərcümə Mərkəzinin ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.