Beynəlxalq elmi konfrans keçiriləcək

 

Mayın 5-6-da Azərbaycan Milli Xalça Muzeyində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə gerçəkləşəcək.

Çağdaş dünyada hər bir xalqın mədəni özünəməxsusluğunu, milli-mənəvi dəyərlər sistemini, maddi irsini, tarixi yaddaşını qoruması qarşıda duran mühüm vəzifələrdəndir. Görkəmli dövlət xadimi Heydər Əliyev bu sahədə, o cümlədən Azərbaycan xalqının milli kimliyinin mühafizəsi, adət-ənənələrinin yaşadılmasında muzeylərin rolunu nəzərə alaraq onların inkişafı istiqamətində mühüm işlər görüb.

Konfransda “Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin dirçəldilməsində rolu”, “Etnik müxtəliflik və mədəniyyətlərarası dialoq”, “Xalq sənətkarlığının dirçəlməsində etnoqrafik muzeylərin rolu”, “Qloballaşma dövründə etnik mədəniyyətin əksi”, “Lokal etnik qrupların ənənəvi mərasim mədəniyyəti” mövzularını əhatə edən məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Macarıstan, Özbəkistan, Polşa, Rumıniya, Cənubi Koreya və Yaponiyadan muzey rəhbərləri və tədqiqatçılar məruzələrlə çıxış edəcəklər.

Konfransın iştirakçıları üçün mədəni proqram da nəzərdə tutulub.