Azərbaycan

 

6 may 1900 – Xalq artisti Aleksandra Lavrentyevna Suvirova (1900-1962) Moskvada doğulub. Dövlət Rus Dram Teatrının aktrisası (1927-1959) olub.

6 may 1942 – Əməkdar artist, diktor Hicran Soltan oğlu Hüseynov (1942-2013) Qəbələ rayonunda anadan olub. 1971-ci ildən Azərbaycan Televiziyasında fəaliyyət göstərib.

 

7 may 1926 – Əməkdar rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 – 10.7.1969) Bakıda doğulub. “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Qızmar günəş altında”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.

7 may 1954 – Əməkdar incəsənət xadimi Vaqif İsa oğlu Ağayev (1954-2011) Abşeron rayonunda anadan olub. 1972-ci ildən Azərbaycan Televiziyasında çalışıb.

7 may 1957 – Xalq artisti, teatr rejissoru İrana Tofiq qızı Tağızadə (1957 – 9.4.2023) anadan olub. Akademik Rus Dram Teatrında quruluşçu rejissor işləyib, Akademik Milli Dram Teatrında tamaşalara quruluş verib.

7 may 1998 – Tanınmış kinorejissor, operator, Xalq artisti Muxtar Baba oğlu Dadaşov (11.9.1913 – 1998) vəfat edib. “Qanun naminə”, “Bakıda küləklər əsir” və s. filmlərə quruluş verib. Sənədli və bədii filmlərin (“Yeni horizont”, “Arşın mal alan”) operatoru olub.

7 may 2019 – Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiq edilib. Siyahıya Azərbaycanın XI–XX əsrlərdə yaşamış 35 şair və yazıçısı, 1929–1955-ci illərdə çəkilmiş 11 bədii film daxil edilib.

7 may 2021 – Xalq şairi Musa Səfiməmməd oğlu Yaqub (10.5.1937 – 2021) vəfat edib. “Ürəyimdə yerin qaldı”, “Ruhumla söhbət”, “Dövrün dəyirmanı” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995-2000) olub.

7 may 2021 – Xalq artisti, aktyor Arif Əli oğlu Quliyev (16.5.1950 – 2021) vəfat edib. Musiqili Komediya, Milli Dram, İrəvan  teatrlarında işləyib. “Bəxt üzüyü”, “O dünyadan salam” və s. filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

7 may 2021 – Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb.

 

8 may 1910 – Tanınmış ədəbiyyatşünas alim, şair, tərcüməçi, professor Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910 – 10.8.1961) İrəvan şəhərində anadan olub.

8 may 1919 – SSRİ Xalq artisti, görkəmli bəstəkar, pedaqoq Soltan İsmayıl oğlu Hacıbəyov (1919 – 19.9.1974) Şuşada doğulub. “Gülşən” baleti, “Karvan” simfonik lövhəsi, “Qızılgül” musiqili komediyası, uşaqlar üçün “İsgəndər və çoban” operası və s. əsərlərin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.

8 may 1930 – Ədəbiyyatşünas, professor Qara Mustafa oğlu Namazov (1930 – 11.5.2016) Ermənistan SSR İcevan rayonunun Əmirxeyir kəndində doğulub. Aşıq şeirinin tarixinə dair tədqiqat əsərlərinin müəllifidir.

8 may 1983 – Lənkəranda Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun heykəlinin açılışı keçirilib.

 

9 may 1909 – Ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov; 1909-1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin müəllifidir.

9 may 1917 – Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917 – 11.1.1998) anadan olub.

9 may 1928 – Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (1928 – 26.10.1983) anadan olub. Milli violonçel ifaçılığı sənətinin əsasını qoyub, Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

9 may 1940 – Əməkdar artist Şamil Mahmud oğlu Dəmirçiyev (1940-2002) anadan olub. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru olub, Musiqili Komediya Teatrında çalışıb.

9 may 1941 – Tanınmış aktyor Kamil Fərman oğlu Məhərrəmov (1941 – 8.10.1993) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrında çalışıb, “Dərviş Parisi partladır”,  “Yol əhvalatı” və s. filmlərdə yaddaqalan rollar oynayıb.

9 may 1945 – Əməkdar rəssam Faiq Nağı oğlu Abdullayev (1945 – 28.10.2020) Gəncə şəhərində doğulub. Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin müəllimi olub.

9 may 1967 – Əməkdar artist Xanım Abdulqafar qızı Qafarova (1967 – 11.7.2014) Bakıda anadan olub. Akademik Musiqili Teatrda çalışıb, filmlərdə çəkilib.

9 may 1973 – Bakıda əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin açılış mərasimi keçirilib.

9 may 2012 – Xalq artisti Süleyman Paşa oğlu Nəcəfov (6.8.1948 – 2012) vəfat edib. İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.

9 may 2019 – Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikov (13.9.1933 – 2019) vəfat edib. “Məhəbbət əfsanəsi” baleti, “Dalğalar” operettası, simfonik poemalar, 8 simfoniya və s. əsərlərin müəllifidir. Filmlərə (“Sehrli xalat”, “Axırıncı aşırım”), tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru olub.

 

Dünya

 

6 may 1856 – Dünya ədəbiyyatı və mədəniyyətində iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud; 1856-1939) anadan olub.

6 may 1867 – Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1924) Vladislav Reymont (1867-1925) anadan olub. “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s. əsərlərin müəllifidir.

6 may 1922 – SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş (1922 – 9.3.2019) anadan olub. 30-dan çox filmdə çəkilib. Leonid Qaydayın “Qafqaz əsiri” filmində Saaxov rolu ilə şöhrət qazanb. Uzun illər Şukin adına Teatr Məktəbinə rəhbərik edib.

 

7 may 1833 – Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.

7 may 1840 – Rus bəstəkarı Pyotr İliç Çaykovski (1840-1893) anadan olub. 10 operanın (“Yevgeni Onegin”, “Orleanlı qız”, “Qaratoxmaq qadın” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), simfoniyaların müəllifidir.

7 may 1861 – Hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore; 1861 – 7.8.1941) Kəlküttədə doğulub.

7 may 1953 – Türkiyə müğənnisi, bəstəkar Müslüm Gursəs (1953 – 3.3.2013) Şanlıurfada doğulub.

 

8 may 1903 – Fransız komediya aktyoru Fernandel (əsl adı Fernand Joseph Desire Contandin; 1903-1971) anadan olub. Filmləri: “Mademauzel Nituş”, “80 gün dünya ətrafında” və s.

8 may 1906 – İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub. Filmləri: “Roma, açıq şəhər”, “Almaniya, sıfırıncı il” və s.

 

9 may 1883 – İspan yazıçısı və filosofu Xose Orteqa-i-Qasset (1883-1955) anadan olub. Əsərləri: “Kütlələrin üsyanı”, “İncəsənətin humanistsizləşdirilməsi” və s.

9 may 1924 – Gürcü şairi, nasir Bulat Okucava (1924-1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb. Sözlərinə yazılmış mahnılar bir çox filmlərdə (“Belarus vağzalı”, “Səhranın bəyaz günəşi” və s.) səslənir.

Hazırladı: V.Orxan