Füzuli rayon Horadiz şəhər Muğam Mərkəzində Vətən müharibəsinin şəhid baş leytenantı Muxtar Qasımlının döyüş yoluna həsr olunmuş “Qəhrəman Muxtar Qasımlı” adlı sənədli film nümayiş olunub. Tədbirdə əvvəlcı şəhid Muxtar Qasımlının fotoşəkillərindən, orden və medallarından ibarət sərgiyə baxış olub. Çıxış edənlər şəhid haqqında xatirələrini söyləyiblər. Sonda tədbir iştirakçıları filmi izləyiblər.
***
Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin kamança ixtisası üzrə müəllimi Bayraməli Əliyev Milli Muğam Müsabiqəsində (24-26 aprel) instrumental ifaçılıq kateqoriyasında III yerə layiq görülüb, diplomla təltif olunub.
Elm və Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə” möcüzəsi” adlı incəsənət müsabiqə-festivalı keçirilib. Müsabiqə 5 nominasiya üzrə 2 yaş qrupunda (11-14 və 15-17 yaş) təşkil olunub. C.Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzində rəsm kursunun üzvü Fidan Babayeva festivalın respublika mərhələsinin 15-17 yaş qrupunda dekorativ-tətbiqi sənət nominasiyası üzrə I yerə layiq görülüb.
Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbinin tar ixtisası üzrə 2-ci sinif şagirdi Abbas Xəlilov “Astana stars” (Qazaxıstan) beynəlxalq festivalı çərçivəsində keçirilən vokal-instrumental müsabiqəsində I dərəcəli laureat adını qazanıb və diplomla təltif olunub.
***
Ağstafa rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Rəqs Gününə (29 aprel) həsr olunmuş “Rəqs – mənəvi dünyam” adlı tədbir keçirilib. Tədbirdə mərkəzin könüllüləri, Ağstafa şəhər Uşaq musiqi məktəbi və Ağstafa rayon Uşaq-gənclər inkişaf mərkəzinin yetirmələri konsert proqramı ilə çıxış ediblər.
Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbinin kollektivi Vətən müharibəsi qazisi, Əyyublu kənd sakini Nicat Məmmədovu evində ziyarət edib, ailəsi ilə həmsöhbət olub.
***
Goranboy Dövlət Rəsm Qalereyasında isə “Narkotikə yox deyək!” mövzusunda sərgi təşkil edilib. Qeyd olunub ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə qarşı profilaktik tədbirlər görmək lazımdır.
***
Ucar Tarix-Diyarşünaslıq Muzeyi “Muzey sizin bir addımlığınızda” adlı layihəyə başlayıb. Layihənin əsas məqsədi muzeyin əsas fondunda toplanmış əşyaların rayonun ucqar kəndlərində nümayiş etdirilməsi və daha çox əhalinin rayon muzeyi, burada toplanmış əşyalar haqqında məlumat əldə etməsidir. Layihə çərçivəsində ilk sərgi Ucar rayon Rəstəcə kənd orta məktəbində təşkil edilib. Sərgidə muzeyin əsas fondundan ən maraqlı və unikal əşyalar nümayiş etdirilib.
***
Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Göyşaban kənd Mədəniyyət evi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Ağ ölüm” adlı maarifləndirici tədbir keçirilib. Çıxışlarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin yaratdığı problemlərdən, onun fəsadlarından danışılıb. Gənc nəsli “ağ ölüm”dən qorumağın yolları və bu təhlükəli bəlaya qarşı mübarizədə cəmiyyətin bütün üzvlərinin iştirakının vacibliyi qeyd olunub.
***
Ağdaş Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə həvəskar rəssamların əl işlərindən ibarət rəsm sərgisi keçirilib.
N.Məmmədli