Bölgələrdə “Heydər Əliyev İli” ilə bağlı tədbirlər davam edir
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında Ulu öndərin yubileyinə həsr edilən inşa yazı müsabiqəsi təşkil olunub.
Göygöl rayon Mədəniyyət Mərkəzi və rayon Gənclər evinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib. Ulu öndərə həsr olunan mahnılar ifa edilib, şeirlər səsləndirilib.
***
Oğuz rayon Heydər Əliyev Mərkəzində Ümummilli liderin 100 illik yubileyi münasibətilə “Böyük ömrün anları” adlı film nümayiş olunub. Nümayişdən sonra Yaqublu kənd orta məktəbin şagirdləri dahi siyasətçiyə həsr edilmiş şeirlər söyləyiblər.
***
Şirvan şəhər Uşaq musiqi məktəbi Ulu öndərin 100 illik yubileyi münasibətilə şəhər 21 saylı tam orta məktəbdə konsert proqramı təşkil edib.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində rayonun gənc müəllimləri arasında “Heydər Əliyev kuboku” intellektual yarışının II yarımfinal mərhələsi keçirilib. Rayonun Muğan və Padar kənd məktəblərini təmsil edən komandalar final mərhələsinə vəsiqə qazanıb.
***
Masallı rayon Mahmudavar kənd Folklor evində “Zirvədədir əməllərin” adlı tədbir keçirilib. Bədii özfəaliyyət və “Halay” folklor kollektivləri maraqlı çıxışlar təqdim ediblər.
***
Bərdə Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi rayon və şəhərlərdə Ulu öndərin 100 illiyi münasibətilə keçirilən “Heydər Əliyev və mədəniyyətimiz” adlı bilik yarışmasına yekun vurulub. Bərdə RMİ-nin təşkilatçılığı, Qarabağ və Mərkəzi Aran regional təhsil idarələrinin iştirakı ilə keçirilən müsabiqənin məqsədi Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasıdır. Bərdə rayonunu təmsil edən “Zəfər lideri” komandası yarışmanın qalibi olub. Komanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış kubok və fəxri fərmanla təltif olunub. Digər komandalara təşəkkürnamə təqdim edilib.
Bərdə rayon Mədəniyyət Mərkəzində Heydər Əliyevin 100 illiyi münasibətilə “Kitab bilik və zəka mənbəyidir” adlı tədbir keçirilib. Mərkəzi kitabxananın təşkil etdiyi tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən rəsm və kitab sərgisi nümayiş olunub. Təbdir konsert proqramı ilə başa çatıb.
***
Ağcabədi rayon Ü.Hacıbəyli adına Uşaq incəsənət məktəbi, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi, Ağcabədi “ASAN Xidmət” Mərkəzi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfrans keçirilib. Çıxışlarda bildirilib ki, Ümummilli lider tərəfindən gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılması təmin edilib. Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daha mütəşəkkil formada davam etdirilir.
Laçın şəhər 2 nömrəli Uşaq musiqi məktəbində “Müstəqil Azərbaycanın banisi” adlı tədbir keçirilib. Tədbirdə “Laçın qayası” ansamblının müşayiəti ilə Ulu öndərə həsr olunan, vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.
***
Şamaxı Rayon İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf və böyük Zəfər “adlı elmi-praktiki konfrans keçirilib. Konfrans iştirakçıları öncə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxıblar. Konfransda rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Cahangir Cahangirli, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Bəxtiyar Həsənov və başqaları çıxış ediblər.
***
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir!” mövzusunda elmi-praktik konfrans keçirilib. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik, hüquqi dövlət quruculuğunun inkişafında müstəsna xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi ehtiramla anılır. Sonra Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
***
Gəncə şəhər Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” adlı elmi-praktik konfrans keçirilib. “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Tarix yazan şəxsiyyət”, “Heydər Əliyev və Gəncə” adlı məruzələr dinlənilib. Bədii hissədə Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı Uşaq musiqi məktəbinin müəllim və şagirdləri vətənpərvər ruhlu mahnılar ifa ediblər.
Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli və Z.Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəblərinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, milli ritmlərdən ibarət kompozisiyalar maraqla qarşılanıb.
Nurəddin Məmmədli