Elmi-nəzəri konfrans

 

Hüseyn Cavidin Ev-Muzeyi və Abdulla Şaiqin Mənzil-Muzeyinin birgə təşkilatçılığı ilə mayın 5-də “Heydər Əliyev və ev-muzeyləri” mövzusunda respublika elmi-nəzəri konfrans keçirilib.

Konfransın iştirakçıları əvvəlcə Hüseyn Cavidin Ev-Muzeyinin ekspozisiyası və “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda kitab sərgisi ilə tanış olublar.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli konfransda çıxış edərək ev-muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlının yeni çap olunmuş “Heydər Əliyev – Hüseyn Cavid irsinin böyük hamisi” monoqrafiyasını və “Heydər Əliyev və ev-muzeyləri” mövzusunda elmi-nəzəri konfransın materiallarından ibarət toplunu iştirakçılara təqdim edib.

Heydər Əliyevin mədəniyyətimizə, ədəbiyyatımıza qayğı və diqqətindən danışan akademik Ulu öndərin ölkəmizdə ev və xatirə muzeylərinin yaradılmasının təşəbbüskarı olduğunu söyləyib, təqdim olunan kitabların “Heydər Əliyev İli”nə layiqli töhfə olduğunu bildirib.

Konfransın plenar iclasında Hüseyn Cavidin Ev-Muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Heydər Əliyev və Azərbaycanda ev-muzeyləri”, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə “Ulu öndər Heydər Əliyev – Azərbaycan mədəniyyətinin himayədarı”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova “Milli mədəniyyətimizin himayədarı”, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin şöbə müdiri professor Xatirə Bəşirli “İki xalqın fəxri”, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Lütviyyə Əsgərzadə “Azərbaycanda muzeylərin yaradılmasının memarı”, Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı “Heydər Əliyev və Cəfər Cabbarlı ədəbi irsi”, Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev-muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə “Mədəniyyətimizin böyük hamisi – Heydər Əliyev” mövzularında məruzə ediblər.

Bölmə iclaslarında Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səttar Bəhlulzadə, Səməd Vurğun və digər şəxsiyyətlərin ev-muzeylərinin əməkdaşlarının da məruzələri dinlənilib.