Dünya Turizm Günü münasibətilə konfrans keçirildi
Sentyabrın 28-də Dünya Turizm Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi, dövlət qurumları, rayon (şəhər) mədəniyyət və turizm şöbələri, turizm sektoru təmsilçilərinin iştirakı ilə «Hilton Baku» mehmanxanasında daxili turizm konfransı keçirildi. Tədbirdə mehmanxana və turizm fəaliyyəti üçün lisenziyanın yeni yaradılmış elektron xidmət sistemi, Şahdağ Qış-Yay Turizm Kompleksi, həmçinin «İTB Berlin-2012» beynəlxalq sərgisində ölkəmizlə bağlı keçirilmiş sorğunun nəticələri ilə bağlı təqdimatlar oldu.
Elektron lisenziya sistemi barədə Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov məlumat verdi. Qeyd edildi ki, yeni sistem vasitəsilə lisenziyanın verilməsi üçün onlayn ödəmə olacaq. Sistemdən istifadə etmək üçün isə qeydiyyatdan keçmək lazımdır.
Nazirliyin İnvestisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov Qusar rayonunda inşa edilən Şahdağ Qış-Yay Turizm Kompleksi haqqında danışaraq bildirdi ki, kompleks dekabr ayında ilk turistləri qəbul etməyə başlayacaq. Tam istifadəyə verildikdən sonra burada gün ərzində 10 min turist qəbulu və 5 min nəfərin gecələməsi nəzərdə tutulur: «Birinci mərhələdə 4 kanat yolu hazır olacaq. Bu yolun uzunluğu 6,5 km-dir. Kompleksdə 3, 4 və 5 ulduzlu hotellərin və 150-yə yaxın kottecin tikintisi gözlənilir. İstirahət, ticarət mərkəzləri, restoran, kafe, oyun zalı, atsürmə, xizəksürmə və digər xidmətlər turistlərin ixtiyarında olacaq».
Azərbaycan haqqında təəssüratların öyrənilməsi üzrə «İTB Berlin-2012» beynəlxalq turizm sərgisi çərçivəsində aparılan sorğunun nəticələri barədə «Biznes İnsayd» şirkətinin meneceri Fərid Əhmədov məlumat verdi. Bildirdi ki, layihənin məqsədi xarici turistlərin Azərbaycan haqqında məlumatlılıq səviyyəsini öyrənməkdir. Bu məqsədlə «İTB Berlin-2012» sərgisinə gələn ziyarətçi və iştirakçılara xüsusi anketlər paylanıb. Sorğuda 521 respondent iştirak edib.
Regionlarda turizmin inkişafı prioritet məsələdir
Təqdimatlardan sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdi. Nazir bildirdi ki, turizm sənayesi dünyada iqtisadiyyatın inkişafına dayanıqlıq gətirən amil kimi təqdim olunur: «Bu bizim işimizə böyük məsuliyyət əlavə edir. Ötən il “G-20” (dünyanın inkişaf etmiş ən böyük ölkələri) sammitində ilk dəfə olaraq turizm gələcəyin sənayesi kimi qəbul edildi. Turizm işsizliyin aradan qaldırılması, dünya ölkələri arasında əlaqələrin qurulması sahəsində ən vacib amil kimi dəyərləndirildi və sammitin tövsiyələrində bütün iştirakçı ölkələrdə turizmin inkişafına önəm verilməsi öz əksini tapdı. Mən bunu ona görə nəzərə çatdırıram ki, artıq bu proses dünyanın bütün ölkələrində getməkdədir. Bu günlərdə Avstriyada iştirak etdiyim böyük bir konfransda Orta Asiya və Qafqaz ölkələri arasında iqtisadi əlaqələrin qurulması sahəsində üç istiqamət müzakirə olundu: sənaye-investisiya, enerji və turizm. Konfransdakı çıxışlardan belə bir nəticəyə gəlmək mümkündür ki, bu gün Azərbaycanın turizm məkanı Avropa üçün olduqca böyük maraq kəsb edən bir istiqamətdir».
Əbülfəs Qarayev qeyd etdi ki, regionların inkişafı mövzusuna çox ciddi yanaşmaq lazımdır: “Paytaxtımız günü-gündən gözəlləşərək, çoxsaylı qonaqların qəbuluna hazır olduğunu sübut edib. Bu nümunəni respublikanın regionlarında tətbiq etməyin vaxtı çatıb. Xüsusilə İpək Yolu üzərində yerləşən regionların inkişafına önəm verməli, yeni turizm zonalarının formalaşmasına nail olmalıyıq. Bu xüsusda həlli vacib məsələlər var. Turizm zonalarının əsasnaməsi təsdiq olunsa da, onun coğrafi xəritəsinin hüdudları hələ təsdiq olunmayıb. Dünya Turizm Təşkilatının baş katibi bir il ərzində iki dəfə Azərbaycana gələrək ölkə rəhbəri ilə görüşüb, Azərbaycan Prezidentinin adı dünyanın turizmə dəstək verən ölkə başçılarının siyahısına salınıb. Bütün bunlar ondan xəbər verir ki, beynəlxalq təşkilatlar da Azərbaycanda turizmin qeyri-neft sektorunun prioritet istiqaməti kimi qəbul edilməsini, ölkə rəhbərliyinin bu yöndə səylərini dəstəkləyir. Bu baxımdan bizim müvafiq dövlət orqanları da bu istiqamətlə fəaliyyətlərini gücləndirməlidirlər. Turizm zonalarının formalaşdırılması turizm infrastrukturunun yaradılmasında vacib məsələdir”.
Özəl sektorun formalaşdırılmasına xüsusi önəm verilir
Nazir bildirdi ki, DTT-nin baş katibi Taleb Rifainin ölkə prezidenti ilə görüşlərində Azərbaycanda turizm qanunvericilik bazasına xüsusi önəm verilib: «Qanunvericilik bazasının formalaşdırılmasında bizə kömək etmək üçün DTT-nin peşəkar ekspertləri cəlb olunub. «Turizm haqqında» yeni qanun Azərbaycan turizm sənayesinin qabaqcıl funksiyasını daşımağa qadir olmalı, dünya standartlarına tam cavab verməlidir. Turizm təşkilatlarının fəaliyyəti, mehmanxana şəbəkəsi, infrastruktur layihələrinin genişləndirilməsi, kadr potensialının gücləndirilməsi, regionların inkişafı önəmli vəzifələr kimi qəbul edilməlidir. Azərbaycanda özəl sektorun formalaşdırılmasına xüsusi önəm verilir. Ona görə də nazirlik son illər Azərbaycan Turizm Assosiasiyasının fəaliyyətinə dəstək verir. İctimai qurumlar öz işini dünya standartlarına uyğun qurmalıdır. Dünya təcrübəsi onu göstərir ki, turizmin idarəetmə funksiyası ictimai qurumlara verilməlidir. Azərbaycanda da bu belə olmalıdır. Amma bunun üçün hazır olmaq lazımdır. Bu gün biz arxayın ola bilmərik ki, məsələlər lazımi səviyyədə təşkil olunacaq. Dünya təcrübəsi Azərbaycanda çox fəal tətbiq olunmalıdır. Çünki Azərbaycan Dünya Turizm Təşkilatının üzvüdür, eyni zamanda ötən il biz üç təşkilatımızın - Azərbaycan Turizm İnstitutu, Azərbaycan Turizm Assosiasiyası və Bakı Turizm İnformasiya Mərkəzinin bu qurumun qoşulmuş üzvləri sırasına qəbul edilməsinə nail olduq. Bu üç təşkilat öz fəaliyyətləri ilə turizmin bütün istiqamətlərini əhatə edir. Bizim qanunvericilik bazamız formalaşanda bu qurumlar fəallıq göstərməlidir. Lakin «Turizm haqqında» qanun layihəsi nazirliyin saytında ictimai müzakirəyə veriləndə mən sizdən o qədər də fəallıq görmədim. Biz məsələni ciddi qoyuruq. Əgər siz qanunun formalaşdırılmasına, Azərbaycan turizm sənayesinin inkişaf proqramlarına biganə yanaşırsınızsa, deməli, bu proseslərdən təcrid olunacaqsınız. Bizə fəal mövqe, fəal təşəbbüs lazımdır ki, bunun nəticəsində də normal idarəetmə sistemi formalaşdıra bilək».
İnternetlə idarəetmə sisteminə qoşulmayan mehmanxana rəqabətdə uduzacaq
Nazir bildirdi ki, artıq Azərbaycanda internetlə lisenziyalaşma sisteminə keçid başlanır. Bu, şəffaflığın təmin edilməsi istiqamətində atılan vacib addımdır: “Sistem formalaşır, oktyabr ayından bütün qurumlar, təşkilatlar bizə bu yolla müraciət edə bilərlər. Sözsüz ki, bu müraciətlər əsasında müvafiq sənədlər də təqdim olunmalıdır”.
Nazir Azərbaycanın ən iri turizm layihəsi olan Şahdağ Qış-Yay Turizm Kompleksi barədə də danışdı: “Bu layihə bir neçə ildir ki, davam edir. Orada Andorradan, İtaliyadan, Avstriyadan, İsveçrədən mütəxəssislər işləyirlər. Onlar bu işi müəyyən vaxta qədər aparacaqlar. Sonrakı mərhələlərdə bizə daimi işçilər lazımdır. «Şahdağ»ın müdiriyyəti yalnız tikinti ilə yox, onun istismarı ilə də məşğul olacaq. Biz insanları işə qəbul etməli, onların menecmentini təmin etməliyik. Bu kompleks dünyanın ən qabaqcıl texnologiyaları, avadanlıqları ilə təchiz olunmuş bir obyektdir. Onu peşəkarlar olmadan idarəetməyə verə bilmərik”.
Nazir ölkədə turizmin inkişaf tempinin ildən-ilə artdığını bildirdi: “Bu gün 50-yə qədər mehmanxananın tikintisi davam edir. 506 mehmanxana, 200-dən çox turizm şirkəti hazırda fəaliyyət göstərir. Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Mehmanxanaların rəsmi verdiyi sənədə görə, bu mövsümdə 100 mindən artıq insan gecələyib. Amma regionların bölgüsünə baxdıqda məlum olur ki, dəniz kənarında yerləşən turizm obyektləri daha yaxşı işləyir, nəinki dağlıq ərazilərdəki obyektlər. Məlumatları təhlil edərkən mən gördüm ki, Lənkəranda 3 min xarici vətəndaş dincəlib. Bu necə ola bilər? Təkcə Novruz bayramında sərhədi 150 mindən artıq İran vətəndaşı keçir. Onlar harada qalırlar? Təbii ki, mehmanxanalarda. Ona görə də mən hesab edirəm ki, bizim mehmanxanalar məlumatı ya düzgün əldə etmirlər, ya da lazımi səviyyədə bizə vermirlər. Əgər biz bu gün internet vasitəsilə idarəetmənin qurulmasından danışırıqsa, artıq bu məsələlər geridə qalacaq. Mehmanxanalar bu şəbəkəyə qoşulmayacaqsa, o mehmanxana bütün idarəetmə sistemindən kənarda qalacaq.
Mən sizin diqqətinizə onu da çatdırmaq istəyirəm ki, müxtəlif beynəlxalq səviyyəli proqramlar var. Xidmət göstərən hansı obyekt şəbəkəyə daxil olmasa, o, cəmi bir neçə aydan sonra rəqabətdə uduzacaq. Ona görə də düşünürəm ki, bizdə formalaşmış şəbəkələri, informasiya mərkəzinin, Turizm Assosiasiyasının nəzdində turizm saytlarını səmərəli işlətmək bütün qurumların vəzifə borcudur. Bu, yenilikdir. Əgər Azərbaycan turizmini dünya turizm proseslərindən kənarda saxlamaq istəmiriksə, biz buna getməliyik».
Tədbirdə maraqlı təkliflər səsləndi
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev 2012-ci ilin müvafiq dövründə görülən işlən, may ayında ölkəmizdə baş tutan «Eurovision-2012» musiqi yarışması ilə bağlı həyata keçirilən layihələr, yay turizm mövsümü ərəfəsində ölkə ərazisində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə aparılan monitorinqlərin nəticələri barədə ətraflı məlumat verdi.
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov AZTA-nın fəaliyyətindən danışdı.
Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarovun, Nabranda yerləşən «Ober Lux» hotelinin nümayəndəsi Orxan Bayramovun çıxışları da təmsil etdikləri qurumların işinə həsr edilmişdi.
«R&R» turizm şirkətinin direktoru Rüstəm Əhmədovun çıxışı maraqlı təkliflərlə yadda qaldı. O, Azərbaycanın Qarabağ bölgəsində beynəlxalq aeroportun salınmasını və Azərbaycanın turizm siyasətində Qarabağ mövzusunun önə çıxarılmasını təklif etdi. Bildirdi ki, Azərbaycanın bir sıra bölgəsində beynəlxalq səviyyəli aeroportlar fəaliyyət göstərir. Lakin Qarabağ regionunda indiyədək hava limanı yoxdur. Bu çatışmazlığı aradan qaldırmaq, eləcə də ermənilərin Xankəndi aeroportunu işə salmaq planlarına cavab olaraq Ağcabədi rayonunda beynəlxalq aeroport yaratmaq olar.
Şirkət rəhbərinin sözlərinə görə, hava limanının inşası bölgədə yeni iş yerlərinin yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə kömək etməklə yanaşı, həm də Qarabağın Azərbaycanın nəzarəti olan hissəsində - Aran Qarabağda beynəlxalq səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsinə imkan verəcək. Hava limanının beynəlxalq rezervasiya sistemlərinə daxil edilməsi Qarabağın Azərbaycanın ərazisi kimi beynəlxalq aləmdə təsdiqlənməsinə dəstək verər.
Fəxriyyə Abdullayeva