Olaylar, faktlar (10–12 may)

 

152 il əvvəl...

 

10 may 1871-ci ildə Almaniya və Fransa arasında müharibənin (1870-1871) yekunlarına dair Frankfurt sülhü imzalanıb. Müharibədən qalib çıxan Almaniya Fransanın Elzas və Lotaringiya vilayətlərini özünə birləşdirdi. Birinci Dünya müharibəsindən (1914-1918) sonra Fransa itirdiyi əraziləri geri aldı.

 

106 il əvvəl...

 

11 may 1917-ci ildə Moskvada Ümumrusiya müsəlmanlarının 1-ci qurultayının (1-11 may) yekun sənədləri sırasında Məhəmməd Əmin Rəsulzadənin hazırladığı qətnamə layihəsi qəbul olunub. Qətnamədə Rusiyanın federativ respublikaya çevrilməsi, milli bölgələrə muxtariyyətin verilməsi əksini tapmışdı. İmperiyanın bütün bölgələrini təmsil edən 800-dək nümayəndənin qatıldığı qurultayın rəyasət heyətinə azərbaycanlı Əlimərdan bəy Topçubaşov da daxil idi. Qurultayda Ümumrusiya Müsəlmanlarının Mərkəzi Şurasının yaradılması barədə qərar da qəbul olunub.

 

84 il əvvəl...

 

11 may 1939-cu ildə Uzaq Şərqdə Xalxin-Qol çayı üzərində sovet-monqol və yapon qoşunları arasında döyüşlər başlayıb. Müharibəyə səbəb Yaponiya qüvvələrinin Monqolustanın SSRİ ilə sərhəd bölgələrinə hücumu olmuşdu. Üç aydan çox davam edən döyüşlərdən sonra, avqustun 31-də Yaponiya qüvvələri Monqolustan ərazisini tərk etməli oldular. Rəsmi statistikaya görə, sovet-monqol qüvvələri 20 min nəfər, Yaponiya 60 min nəfər itki vermişdi. Yaponiya ilə bağlanan sülh 1941-1945-ci illər müharibəsi dövründə SSRİ-ni Şərq cəbhəsi sarıdan nisbətən arxayın etmişdi.

 

83 il əvvəl...

 

10 may 1940-cı ildə Hitler Almaniyası Avropanın neytrallıq elan etmiş ölkələrinə – Lüksemburq, Hollandiya və Belçikaya hücum edib. Lüksemburq həmin gün, Hollandiya mayın 15-də, Fransa və Britaniyanın yardım göstərdiyi Belçika isə mayın 28-də işğal olundu.

 

29 il əvvəl...

 

12 may 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş – “Bişkek protokolu” qüvvəyə minib. Tərəflər daha sonra beynəlxalq vasitəçilik sayəsində yekun sülh sazişi imzalamalı idilər. Amma ATƏT-in Minsk qrupu formatında 26 il sürən vasitəçilik nəticə vermədi və 2020-ci ildə Azərbaycan hərb yolu ilə torpaqlarını azad etdi.

 

19 il əvvəl...

 

10 may 2004-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik irsinin öyrənilməsi və təbliği, bu irsdən bəhrələnərək sosial, xeyriyyə, maarifçilik, mədəniyyət və digər istiqamətlərdə layihələr həyata keçirmək məqsədilə yaradılan Heydər Əliyev Fondu fəaliyyətə başlayıb. Fonda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik edir.

 

11 il əvvəl...

 

10 may 2012-ci ildə Bakı şəhərində Heydər Əliyev Mərkəzinin açılışı olub. Mərkəzin orijinal memarlıq üslubu olan binası (memar – Zaha Hadid, Böyük Britaniya) Prezident İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli sərəncamına əsasən inşa edilib.

Hazırladı: V.Orxan