Azərbaycan

 

10 may 1910 –  Əməkdar incəsənət xadimi, rejissor Həsən Səfər oğlu Ağayev (1910-1986) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrında çalışıb.

10 may 1922 – Əməkdar rəssam Cabbar Əli oğlu Quliyev (1922 – 27.8.2004) Qərbi Azərbaycanın Zəngibasar mahalında (Ermənistanın Masis rayonu) anadan olub. Aşıq Ələsgər, Xəstə Qasım və başqa el sənətkarlarının portret-obrazlarını yaradıb.

10 may 1926 – Yazıçı-ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926 – 4.8.2001) Biləsuvar rayonunun Əliabad kəndində doğulub. “Dağlarda döyüş”, “Qocalar, qocalar...”, “Doğma sahillər” və s. bədii filmlərin ssenari müəllifidir.

10 may 1932 – Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Musa Ağabəy oğlu Bağırov (1932 – 11.5.2022) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında, “Azərbaycantelefilm”də sənədli filmlər çəkib.

10 may 1934 – Ədəbiyyatşünas, professor Şamil Dünyamalı oğlu Qurbanov (1934-2004) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub.

10 may 1937 – Xalq şairi Musa Yaqub (Musa Səfiməmməd oğlu Yaqubov; 1937 – 7.5.2021) İsmayıllı rayonunun Buynuz kəndində doğulub. “Ürəyimdə yerin qaldı”, “Ruhumla söhbət”, “Dövrün dəyirmanı” və s. kitabların müəllifidir. Milli Məclisin deputatı (1995-2000) olub.

10 may 1938 – Əməkdar mədəniyyət işçisi, miniatürçü rəssam Fəxrəddin Vəli oğlu Əliyev (1938 – 8.2.2022) Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndində anadan olub. AMEA Əlyazmalar İnstitutunda baş rəssam işləyib.

10 may 1946 – Ədəbiyyatşünas, mətnşünas Maarif Abı oğlu Teymur (1946 – 9.10.2016) Masallı rayonunun Ərkivan kəndində doğulub. Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru olub.

 

11 may 1915 – Xalq rəssamı, görkəmli heykəltəraş Fuad Həsən oğlu Əbdürrəhmanov (1915 – 15.6.1971) Şəkidə anadan olub. Nizami Gəncəvinin (Bakıda və Gəncədə), Səməd Vurğunun abidələrinin, “Azad qadın” heykəlinin müəllifidir.

11 may 1928 – Əməkdar mədəniyyət işçisi, aktyor, kino təşkilatçısı Nəriman Qulam oğlu Axundov (1928-2009) anadan olub. 1958-ci ildən “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb.

11 may 1935 – Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov (1935 – 22.3.2016) anadan olub. Bir sıra əsərləri (“Mezozoy əhvalatı”, ”Bayquş gələndə”) ekranlaşdırılıb. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” və s. filmlərin ssenari müəllifidir. Milli Məclisin deputatı (1995-2010) olub.

11 may 1946 – Əməkdar rəssam Nazim Şamil oğlu Rəhmanov (1946-2003) anadan olub. Əsərləri Moskva Şərq Xalqları İncəsənəti Muzeyində, şəxsi kolleksiyalarda saxlanılır.

11 may 2012 – Prezident İlham Əliyev SSRİ Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

11 may 2017 – Prezident İlham Əliyev Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ xalq artisti Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

12 may 1907 – Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 – 10.6.1983) İrəvanda anadan olub. “Beşmanatlıq gəlin”, “Durna” və s. musiqili komediyalarının, populyar mahnıların (“Qurban adına”, “Oxu, gözəl” və s.) müəllifidir. Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru olub, teatr tamaşalarına musiqi yazıb.

12 may 1915 – Xalq rəssamı, heykəltəraş İbrahim Əli oğlu Quliyev (1915 – 16.6.1971) Şəkidə doğulub. Azərbaycanın ilk peşəkar heykəltəraşlarından biridir, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü olub.

12 may 1925 – Yazıçı Bayram Həsən oğlu Həsənov (1925-1979) Ermənistanın Allahverdi (Alaverdi) rayonunun Böyük Ayrım kəndində anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir.

12 may 1935 – Tanınmış diktor, Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (1935-2011) Bakıda doğulub. Azərbaycan Televiziyasının ilk futbol şərhçisi olub.

12 may 1940 – Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu; 1940 – 4.9.2019) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından tərcümələr edib.

12 may 1940 – Əməkdar incəsənət xadimi, heykəltəraş Vaqif Osman oğlu Nəzirov (1940-2020) anadan olub. Sumqayıt şəhərinin baş rəssamı işləyib, şəhərdəki “Sülh göyərçini” abidəsinin həmmüəllifidir.

12 may 1944 – Tanınmış rəssam Ənvər Əmirhüseyn oğlu Əliyev (1944-2003) Bakıda anadan olub. Üzeyir Hacıbəyli obrazına ən çox müraciət edən rəssamdır, başqa görkəmli şəxsiyyətlərin portretlərini çəkib.

12 may 1952 – Əməkdar artist Azər Əlbaba oğlu Mirzəyev (1952 – 19.7.2014) Zərdab rayonunun Əlvənd kəndində doğulub. Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb, Milli Dram Teatrının direktor müavini olub.

12 may 2005 – Xalq artisti, məşhur xanəndə Sara Bəbiş qızı Qədimova (31.5.1922 – 2005) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub.

12 may 2011 – Görkəmli rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949 – 2011) vəfat edib. Yuğ Dövlət Teatrının yaradıcısıdır. Filmlərdə çəkilib.

 

Dünya

 

10 may 1903 – Özbək şairi Qafur Qulam (1903-1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.

10 may 1888 – Amerika kino bəstəkarı Maks Stayner (Maximilian Raoul Steiner; 1888-1971) anadan olub. Ən yaxşı kino musiqisinə görə üç dəfə “Oskar” alıb.

 

11 may 1904 – İspan rəssamı, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 – 23.1.1989) anadan olub. Sürrealizimin banilərindən biridir.

11 may 1916 – İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela; 1916-2002) anadan olub. “Paskual Duartenin ailəsi”, “Arı şanı”, “Apelsinlər qış meyvələridir” və s. romanların müəllifidir.

 

12 may 1842 – Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet; 1842-1912) anadan olub. Əsərləri: “Verter”, “Tais” və s.

12 may 1907 – Amerika aktrisası Ketrin Hepbern (Katharine Hepburn; 1907-2003) anadan olub. Dörd dəfə “Oskar” mükafatına layiq görülüb.

Hazırladı: V.Orxan