Olaylar, faktlar (13–16 may)
218 il əvvəl...
14 may 1805-ci ildə Rusiya-İran müharibəsi (1804-1813) gedişində birinci Kürəkçay (indiki Goranboy rayonu ərazisi) müqaviləsi bağlanıb. Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilib. Çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanan müqavilədə xan ailəsinə varislik əsasında Qarabağda yerli hakimiyyət vəd edilmişdi. Lakin bir il sonra (1806) İbrahimxəlil xan ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirildi, Qarabağ xanlığı isə 1822-ci ilədək formal mövcud olduqdan sonra ləğv edildi.
211 il əvvəl...
16 may 1812-ci ildə Rusiya-Türkiyə (Osmanlı) müharibəsinin (1806-1812) yekunlarına dair Buxarest sülh müqaviləsi imzalanıb. Bessarabiya (indiki Moldovanın bir hissəsi) Rusiyaya birləşdirilib, Türkiyə isə Valaxiya bölgəsini (Rumıniyanın bir hissəsi) əldə edərək Fransa ilə (Napoleon) ittifaqdan çıxdı. Sonuncu məqam Rusiyanın Fransa ilə müharibədə vəziyyətini qismən yaxşılaşdırdı.
104 il əvvəl...
15 may 1919-cu ildə Birinci Dünya müharibəsində məğlub olmuş Türkiyəyə qarşı xarici təcavüz güclənib. Yunanıstan hərbi dəniz qüvvələri İzmir şəhərini işğal edib. İzmirin işğalı 1922-ci ilin 9 sentyabrınadək davam etdi.
75 il əvvəl...
14 may 1948-ci ildə İsrail Dövləti yaranıb. BMT-nin 1947-ci ildə qəbul etdiyi 181 saylı qətnaməyə görə, Fələstin üzərində Britaniyanın protektoratlığı ləğv ediləndən sonra orada iki dövlət – yəhudi və ərəb dövlətləri yaranmalı idi. Lakin Britaniya qoşunları çıxan gün Ben Qurionun sədrliyi ilə Yəhudi Milli Şurası birtərəfli qaydada İsrail Dövlətinin yarandığını elan etdi. Buna etiraz edən Misir, İordaniya, Suriya və İraq İsrailə qarşı müharibəyə başladılar.
69 il əvvəl...
14 may 1954-cü ildə Haaqada (Niderland) keçirilən BMT konfransında “Hərbi konfliktlər zamanı mədəni abidələrin qorunması haqqında” beynəlxalq konvensiya imzalanıb.
35 il əvvəl...
15 may 1988-ci ildə Əfqanıstandakı sovet hərbi kontingentinin çıxarılması başlanıb. SSRİ qoşunlarının 10 illik müdaxiləsi dövründə Əfqanıstanda gedən vətəndaş müharibəsində on minlərlə yerli sakin həlak olmuşdu. SSRİ kontingentinin itkisi, rəsmi statistikaya görə, 15 min nəfər göstərilirdi. Sovet qoşunlarının çıxarılması 1989-cu ilin fevralında başa çatdı.
31 il əvvəl...
14-15 may 1992-ci ildə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verib. 6 mart tarixində Ali Sovetdə istefası qəbul olunmuş Ayaz Mütəllibov mayın 14-də parlamentin qərarı ilə prezident postuna qaytarılıb. Ertəsi gün Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ keçirdi. A.Mütəllibov Bakını tərk edərək Moskvaya getdi.
9 il əvvəl...
13 may 2014-cü ildə Türkiyənin Manisa vilayətindəki Soma kömür mədənindəki yanğın nəticəsində 301 işçi həlak olub. Faciə ilə bağlı ölkədə milli yas elan edildi.
Hazırladı: V.Orxan