Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü ilə özəl turizm kolleci yaradılacaq. Bu barədə qəzetimizə AZTA-nın sədri Nahid Bağırov məlumat verib.
   
   Onun sözlərinə görə, bu tipli özəl kolleclər turizmin inkişaf etdiyi əksər xarici ölkələrdə kadr hazırlığı ilə məşğul olur. Kollecdə həm nəzəri dərslər keçiriləcək, həm də təcrübə keçmək üçün şərait yaradılacaq. Bunun üçün hotellərlə müqavilə imzalanacaq. Tələbələr kollecdə oxuya-oxuya işləyə biləcəklər. Eyni zamanda hazırda hotellərdə çalışan insanlar da bu kollecdə təhsil almaq imkanı əldə edəcəklər. Təhsil müəssisəsində dərslər bir neçə növbədə keçiriləcək.
   AZTA sədri qeyd edib ki, gələcəkdə regionlarda yerli əhaliyə müxtəlif mövzuları əhatə edən seminarların keçirilməsi də nəzərdə tutulur. Bu layihə bir növ maarifləndirmə xarakteri daşıyır. Xüsusilə turizm infrastrukturu güclü olan bölgələrdə, Qəbələdə, Lənkəranda bu tipli seminarların sayı daha çox olacaq.

  Fəxriyyə Abdullayeva